68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə səsvermənin nəticələr ləğv olunmalıdır , seçkilər saxtalaşdırılıb-VIDEO
68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə səsvermənin nəticələr ləğv olunmalıdır , seçkilər saxtalaşdırılıb-VIDEO
9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərində baş vermiş qanun pozuntularını əks etdirən, sosial şəbəkədə yayılmış görüntülər MSK nəzdində faəliyyət göstərən Mətbuat Qrupu tərəfindən hər bir dairə və məntəqə üzrə araşdırılıb. Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib: “Məntəqələrdə baş verən pozuntuların ictimailəşdirilməsində xidməti olanlar bizim köməkçilərimizdir. Mən bu işdə əməyi keçənlərə “çox sağ ol” deyirəm. Eyni zamanda bu pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq. Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin”.
Araşdırılması gərəkən xeyli videogörüntülər də 68 saylı Cəlilabad kənd seçki dairəsinə aid məntəqələrdəki qanun pozuntularını əks etdirir. Həmin qanun pozuntularından narazı qalan 8 nəfər deputatlığa namizəd birgə bəyanat yayaraq dairənin az qala bütün məntəqələrində səsvermənin nəticələrinin qalib kimi göstərilən digər namizəd Elman Nəsirovun xeyrinə saxtalaşdırıldığını, seçkinin nəticələrini tanımadıqlarını bildiriblər. Onlar eyni zamanda Azərbacan Respublikasının Prezidentinə müraciət ünvanlayaraq problemə dövlət başçısı səviyyəsində konstruktiv müdaxilənin vacibliyini qeyd ediblər.
Deputatlığa namizədlərdən Əfqan Quliyev KİV-nə bildirib ki, əldə seçki nəticələrinin saxtalaşdırıldığına sübut kimi xidmət edəcək kifayət qədər videogörüntü qeydləri, səsyazmalar vardır: “Demək olar ki, bütün məntəqələrdə qanun pozuntusu baş verib. Məsələ burasındadır ki, namizədlərin öz doğulduqları kəndlərdə yerləşən və çox səs toplayacaqları heç kimdə şübhə doğurmayan məntəqələrdə belə səsvermə qutularından Elman Nəsirovun adı qalib çıxarılıb. Elman Nəsirovun isə hətta özünün dünyaya gəldiyi, böyüdüyü Təzəkən kəndində belə kifayət qədər səs toplayacağı inandırıcı görünmürdü. Əlimizdə olan faktlar Təzəkənddəki məntəqədə belə seçki saxtakarlığına yol verildiyini təsdiqləyir”.
Əfqan Quliyev və seçkinin nəticələrinin ləğv olunmasını istəyən deputatlığa namizədlər bildirilər ki, yerli inzibati resurslar da Elman Nəsirovun seçkiqabağı təbliğat-təşviqat kampaniyasına səfərbər olunaraq ona açıq-aşkar dəstək verirlərmiş: “İcra strukturlarının vəzifəli şəxsləri, ələlxüsus da icra hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndələri seçicilər arasında təbliğat aparırdılar ki, başqa namizədlərin görüşlərinə getməsinlər. Elman Nəsirovun görüşlərini isə yerli məmurlar bir başa təşkil edirdilər. Təbliğat-təşviqat kampaniyasına start verilən ilk gündən əhaliyə təlqin edici formada deyirdilər ki, “bizim deputat artıq bəllidir- o, Elman Nəsirovdur!”. Görəsən, yerli məmurları kim arxayın etmişdi ki, seçkinin nəticəsi barədə qabaqcadan belə əminliklə danışırdılar?”