Ev sökən mühafizəçilər qana boyandı
Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.
Şirkətdən virtualaz.org-a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb.
Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.
“Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşıb, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər.
SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar.
İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib.
Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də, polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”, - açıqlamada qeyd edilib.
Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: “Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlillərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər.
Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar”.
Hazırda baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır.
Xatırladaq ki, məsələ ilə bağlı dünən Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti də açıqlama yaymışdı. Açıqlamada deyilirdi ki, özünü Qarabağ əlilləri kimi təqdim edən şəxslər SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz tikintinin aparılmasının qarşısının alınması zamanı məsələyə aidiyyatı olmadıqları halda qarşıdurma yaradıblar. Belə ki, sökülən tikili Qarabağ əlilinə məxsus olmayıb və tikintini aparan şəxs onları öz qanunsuz əməlini həyata keçirmək üçün cəlb edib. Bu zaman təhlükəsizlik əməkdaşları ilə qarşıdurma yaranıb, qarşıdurmanı yatırmaq üçün polis çağırılıb. Sosial şəbəkələrdə polisin guya Qarabağ əlillərini döydüyü barədə iddialar isə yalandır.