Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 6, 60 və 62 saylı binaların bir qrup sakin tərəfindən həmin ünvanda ağacların qanunsuz kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb. azia.az ETSN-nin saytına istinadən xəbər verir ki, əraziyə keçirilən baxış zamanı sözügedən torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, 3 ədəd eldar şamı ağacının qanunsuz olaraq kökündən çıxarıldığı müəyyən olunub. Faktla bağlı torpaq istifadəçisi R.Qocayev barəsində protokol tərtib olunub və inzibati xəta törətdiyinə görə o inzibati qaydada 6600 manat məbləğində cərimə edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Bakı Şəhər İcra Hakimiyyətinin 04.10.2016 tarixli 1211 nömrəli müqaviləsi əsasında Nəsimi rayonu, 20 yanvar küçəsi, 6 nömrəli yaşayış binasının arxa hissəsində 0,6 hektar torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Rafiq Qocayevə icarəyə verilib. Ərazidə aparılacaq tikinti işlərinin layihə sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 21.12.2016-cı il tarixli 18/03-8/3790 nömrəli məktubu və Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 23.12.2016-cı il tarixli 243 nömrəli sərəncamı ilə razılaşdırılıb.
Tikinti sahəsinin ətrafında mövcud olan yaşıllıqların qorunub mühafizə olunması üçün ərazi nəzarətə götürülüb.