Dünyada bal arıları kütləvi şəkildə qırılır
Son 3 ayda Braziliyada 500 milyondan çox arının məhv olması ilə bağlı məlumatlar yayılıb. Ən çox kütləvi arı qırılması Rio Qrande do Sul əyalətində baş verib.
Virtualaz.org-un məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, arıların ölümünə səbəb aqrokimyəvi maddələr və pestisidlər olub.
Avropa İttifaqı ölkələrində hələ aprel ayında tərkibində zəhərli maddələr ("neonicotinoid" və "fipronil") olan 193 adda dərmanın kənd təsərrüfatında istifadəsini qadağan edən qanun qəbul edilib. “Zəhər paketi” adı verilən qanun Braziliyada çoxlu tənqidlərə tuş gəlsə də, bu kimyəvi maddələrin istifadəsinə hər hansı qadağa qoyulmayıb. Nəticədə isə arıçılıq təsərrüfatlarına külli miqdarda ziyan dəyib.
Dünyanın başqa ölkələrində də vəziyyət ürəkaçan deyil. Məsələn, ABŞ-da ötən il hər 10 bal arısı koloniyasının 4-u məhv olub. Rusiyanın 20 bölgəsində kütləvi arı ölümləri qeydə alınıb. Bəs Azərbaycanda arıçılıq təsərrüfatlarında vəziyyət necədir? Tərkibində həmin zəhərli kimyəvi maddələr olan pestisidlər ölkəmizdə istifadə olunurmu?
Bu suallarla Azərbaycan Arıçılar Assosiasiyasına müraciət etdik. Assosiasiyanın Nəzarət-Təftiş Komissiyasının sədri Şahin Cəfərli virtualaz.org-a bildirdi ki, Azərbaycanda sənaye arıçılığı inkişaf etmədiyinə görə, elə kütləvi arı qırılması müşahidə olunmur. Onun sözlərinə görə, ölkəmizdə arıçılıq əsasən dağlıq ərazilərdədir. Taxıl bitkiləri və pambıq becərilən rayonlarda isə arılar əkin sahələrindən uzaqda saxlanılır, ona görə də bu cür hallar az müşahidə olunur.
“Bizdə arıçılıqda yem bazası azdır. Ona görə də arıçılar çalışırlar ki, harada yem bazası var, arıları ora aparsınlar. Yem bazası əsasən akasiyadır, erkən yaz aylarında arıçıların hamısı arıları akasiya meşələrinə aparır. Bundan sonra qaratikan mövsümü başlayır, arıçılar arı yeşiklərini qaratikanlıqda yerləşdirirlər. Bir də yonca-biyan sahələri var ki, burada da dərmanlama işləri aparılmır. Aran rayonlarında pambıq becərilən ərazilərdə də bal olur, lakin pambıq balı xarlandığına görə, bizdə o balı heç kim almır. Ona görə də, arıçılar pambıq sahələrindən uzaq qaçırlar”, - deyə Ş. Cəfərli bildirir.
Mütəxəssis deyir ki, bəzi hallarda erkən yazda dərmanlama ilə bağlı arı qırılması müşahidə oluna bilər. Bu isə onunla bağlıdır ki, arıçılardan kimsə arı yeşiklərini dağlara yaxın yerdə saxlayanda, arılar dərmanlanmış ağaclardan zəhərlənə bilər. Çox az hallarda pambıq sahələrinə yaxın yerlərdə, o cümlədən, Zərdabda, Saatlıda arı qırılması müşahidə olunur. Bu isə daha çox o halda baş verir ki, dərmanlama zamanı külək zəhəri yaxın ərazidə olan arıçılıq təsərrüfatlarına gətirir. Sənaye arıçılığı inkişaf edən ölkələrdə isə min hektarlarla ərazi əkilir və arı yeşikləri həmin əraziyə qoyulur. Arı tozlanması məhsuldarlığı artırır. Belə sahələr dərmanlananda adətən, arıçıya xəbər verirlər.
Assosiasiya nümayəndəsi deyir ki, kütləvi arı qırılması olanda qurum tərəfindən araşdırma aparılır və məlum olur ki, səbəb 50, bəzən 70 faiz arıçıların səhvi ucbatından baş verir. Yeni texnologiya tətbiq olunmur, saxlanma şəraiti düzgün olmur, ucuz, vaxtı keçmiş dərmanlar alırlar və sair.
Təhlükəli pestisidlərə gəlincə isə, mütəxəssis bildirir ki, bəzi hallarda Avropa ölkələrində qadağan olunan vasitələr Azərbaycana yol tapa bilir. Amma bizdə bunun qarşısını almaq üçün laboratoriyalar fəaliyyət göstərir: “SSRİ dağılandan sonra pestisidlərin gətirilməsi, hətta dərmanlama ilə bağlı problemlər ortaya çıxdı. Əvvəl bu işi dövlət görürdü və arıçılara xəbər verirdi. İndi isə özəl şirkətlərin dərmanlamasından arıçıların xəbəri olmur. İki il əvvəl ölkədə xeyli – təxminən 70-80 minə yaxın arı ailəsi qırılması qeydə alınmışdı. Sözsüz ki, bura dərmanlama faktoru da daxil idi. Əvvəllər bu sahəyə nəzarət olunmurdu, amma son vaxtlar nəzarət olunur. Hətta ölkədə gübrə zavodu açmaq planlaşdırılır. Bu həm pulların xaricə getməməsi, həm də nəzarət baxımından sərfəlidir”, - Ş. Cəfərli deyir.
Bu sahədə problemlərin qarşısını almaq üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə Arıçılıq Assosiasiyasının şöbələri arasında müqavilə imzalanıb, dərmanlama zamanı təsərrüfat sahiblərinə xəbərdarlıq edilir. Amma özəl dərmanlama şirkətlərinə nəzarət etməyə qanunvericilik imkan vermir. Mütəxəssis deyir ki, qanunda olan bu boşluğu doldurmaq üçün qanunvericiliyə düzəliş edilməlidir. Düzəlişdən sonra özəl dərmanlama şirkətləri qarşısında dərmanlama zamanı ölkənin strateji məhsulu olan arıçılığa ziyan dəyməməsi üçün arıçılara xəbər verilməsi öhdəliyi qoyula bilər.
Qeyd edək ki, qida zəncirində arıların rolu çox vacibdir. Dünyada istehlak olunan qidaların üçdə biri arıların tozlanması ilə istehsal olunur.
Gülnar Əliyeva