azia.az
azia.az

Bakıda bal yarmarkası başladı: qiymətlər necədir? - REPORTAJ, FOTOLAR

11-10-2017, 09:40

Bu gün Bakıdakı “A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası start götürüb.

Musavat.com xəbər verir ki, yarmarkanın açılışında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov iştirak edib.

S.Talıbov yarmarkaya çıxarılan ballarla tanış olduqdan sonra media nümayəndələrinə açıqlama verib. O, bildirib ki, builki bal yarmarkasına 333 arıçı öz məhsulunu təqdim edib ki, bu da ötən illə müqayisədə 78 nəfər çoxdur: “Yəni bu il satışa çıxarılmış balın həcmi də ötən ilə nisbətən artıb. Belə ki, yarmarkaya107,5 ton süzülmüş bal, 5,5 ton şan balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki, keçən il cəmi 75 ton süzülmüş bal çıxarılmışdı. Yarmarkada bütün iqtisadi rayonlarından iştirakçılar var. Əsas Lənkərandan olan iştirakçılardır ki, onların da sayı 107-dir. Şəki-Zaqatala zonasından 76, Gəncə-Qazax zonasından isə 60 arıçı yarmarkada iştirak edir".

Bununla belə, nazir müavini bildirib ki, yarmarkaya saxta bal çıxarmaq istəyənlər də olub: "Bu il ballardan 3 400 nümunə götürülüb ki, onun da 509-u standartlara uyğun olmadığı üçün satışdan çıxarılıb. Bu isə təxminən 22,5 ton süzülmüş bal deməkdir. Onu da qeyd edim ki, bu il may ayının isti keçməsi arıçılığa mənfi təsir edib. May ayından sonra ölkəmizdə quraqlıq oldu. Təbii ki, bu da arıçılıq məhsullarının həcminə və keyfiyyətinə təsir etdi".

Yarmarkaya çıxarılan balların qiyməti ilə də maraqlandıq. Öyrəndik ki, balın bir kiloqramı əsasən 20-25 manata satılır. Ümumilikdə hər bir arıçı məhsuluna qiyməq qoymaqda sərbəstdir. Lakin ümumi qiymət 25 manatdan baha deyil. Yarmarkada hər növ bal məhsulana rast gəlmək mümkündür. Arı südünə gəlincə onun da 1 qramının qiyməti 4 manatadır. Yarmarka bu gün açıldığı üçün hələ ki, demək olar alıcıya rast gəlinmir. Satıcılar isə yerləşib, öz elan lövhələrini arxalarındakı divara bərkidirdilər. Onlarla söhbətimiz zamanı əksəriyyəti bildirdi ki, balın qiymətini 20 manatdan aşağı salmaq fikrində deyillər. Söylədilər ki, təmiz balı 20 manatdan aşağı satmaq onlara sərf etmir.

Tovuz rayonundan gələn arıçı Nurəddin bildirdi ki, 15 ilə yaxındır, arıçılıqla məşğul olur: “Hər kəsə məlumdur ki, dağ balı digərlərindən fərqlənir. Bizim də balımız dağ balıdır. Yəni aran zonalarında adətən çəmənlik balı çıxır. Bizdə isə dad fərqlidir. Ona görə də balın kiloqramı 20 manatadır”.

Aran zonasından olan arıçılar isə bildirdilər ki, onların balı heç də çəmənlik balı deyil: “Biz arılarımızı elə aran zonasında saxlamırıq ki, çəmənlik balı olsun. Yaxşı arıçı bilir ki, arıları vaxtı-vaxtında gəzdirmək lazımdır. Biz də arını dağa da aparırıq, bağa da...”

Ümumilikdə hələ ki, onlar da balın kiloqramını 20 manatdan aşağı vermək fikrində deyillər. Əksər arıçılar balların üzərində “meşə balı”, “may balı”, “dağ balı” yazmaqla, müştərilərin seçimini asanlaşdırıblar.

Arıçılar onu da qeyd etdilər ki, hər il yarmarkada iştirak edirlər. Ancaq hər il də müştəri sayı az olur. Bu il necə olacağını isə zaman göstərəcək.

Öyrəndik ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılıb.

Qeyd edək ki, arıçılıq məhsullarının sərgi satış yarmarkası Bakıda 25 gün keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, oktyabrın 10-dan noyabrın 5-dək Xətai rayonu, Nobel prospekti 23 ünvanında AMAY ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi