Agentlik tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Azia.az-a verilən məlumata görə:2019-cu il 11 Fevral tarixində saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Füzuli rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7VL raketi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Raketin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 11 fevral 2019-cu il tarixlərində 33 siqnal (əməliyyat çağırışı) əsasında 26 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə baxış keçirilmiş, 89 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 28,800 kv.m ərazi yerüstü və 4,800 kv.m ərazi yeraltı yoxlanılmışdır.
Aybəniz Abdulova