azia.az
azia.az

Məhkəmə iclas protokolları vəkilləri qane edirmi? - SORĞU

27-10-2023, 08:58

Bildiyiniz kimi, məhkəmə iclasının protokolu məhkəmə iclası katibi tərəfindən məhkəmə prosesi zamanı yazılı, stenoqrafiya və digər texniki vasitələrdən istifadə olunmaqla saxlanılan sənəddir. Cinayət Prosessual Məcəlləsinin 98-ci maddəsinə əsasən, məhkəmə iclasının katibi məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişini, məhkəmə qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan digər halları məhkəmə iclasının audioyazısına uyğun olaraq tam və düzgün qeyd etməlidir. Məhkəmə iclasının katibi məhkəmə iclası protokolunun tamlığına və düzgünlüyünə şəxsən məsuliyyət daşıyır və protokoldakı yazıların məzmununa dair heç kimin göstərişlərindən asılı deyildir. Bəs protokolların tərtibi vəkilləri və tərəfləri qane edirmi? 

Mövzu ilə bağlı vəkil Kamandar Nəsibov e-huquq.az-a açıqlamasında bildirib ki, məhkəmə iclas protokollarının heç biri məhkəmə prosesini tam təsvir etmir: "Protokollar çox qısa yazılır, katiblər mütəxəssis olmadığı üçün prosesdə səslənən fikirlərin hamısını çatdırıb yaza bilmirlər. Bilirsiniz, katib üçün fərqi yoxdur orada nə necə yazılır, ancaq biz vəkillər üçün bunun çox böyük önəmi var. Çünki orada yazılan hər sözdən çox şey asılıdır. Çox vaxt biz özümüz də icazə alıb, audioyazıdan istifadə edirik, sonra protokolla müqayisə edirik. Görəndə ki, bizim protokolla məhkəmə protokolu əhəmiyyətli şəkildə fərqlənir, öz yazdığımızı məhkəməyə təqdim edirik. Lakin təəssüflər olsun ki, onu nəzərə almırlar". 

Vəkil Anar Qasımlı məhkəmə iclas protokollarının tərtibi ilə bağlı problemləri müxtəlif səbəblərlə əlaqələndirib.

"Bütün protokolların pis tərtib olunduğunu və ya hamısının gözəl tərtib olunduğunu deyə bilmərik.Təbii ki, müsbət qiymətləndirə biləcəyimiz protokollar da tərtib olunur. Amma ümumilikdə məhkəmə iclas protokollarının tərtibini qənaətbəxş hesab etmək olmaz. Katiblərin iclas protokollarını tərtib etməsində həm obyektiv, həm subyektiv baxımdan problemlər var. Birincisi, iclasda deyilən hər sözü katibin qeyd edə bilməsi fiziki cəhətdən mümkün deyil. Digər tərəfdən isə bəzən görürük ki, tərəflər çıxış edir, lakin katib heç bir qeyd aparmır. Bu da məhkəmə iclas katibinin öz işinə səhlənkar yanaşması deməkdir", - deyə o bildirib.

Vəkilin fikrincə, bu problemin aradan qaldırılması üçün bütün məhkəmə iclas protokolları elektronlaşdırılmalıdır. A.Qasımlı bu məqamda audioyazıların əhəmiyyətini vurğulayıb: "Düşünürəm ki, ən yaxşı həll yolu məhkəmə iclas protokollarının elektronlaşdırılması, yəni iclasların audioyazı vasitəsilə aparılmasıdır. Lakin audioyazılarla bağlı ciddi problemlər var. Bu, uzun müddət vəkillərin yaralı yeri olub. Çünki audioyazıların aparılmasına bəzən hansısa hakim icazə vermir. Əvvəllər zalda oturan şəxs heç bir icazə almadan oturduğu yerdə audioyazı apara bilərdi. Amma indi bu, qadağandır. Audioyazının aparılması üçün mütləq hakimin icazəsi alınmalıdır. Amma düşünürəm ki, artıq elektron məhkəmə sisteminə keçid, sənədlərin elektron formada yüklənməsi ilə audioyazılara da üstünlük veriləcək. Protokolların tərtibi məsələsində Türkiyə təcrübəsinin tətbiq olunması da çox yaxşı olardı. Orada iştirak etdiyim bir məhkəmə iclasında katibin və hakimin imzalamasından sonra tərəflərin dərhal protokolla tanış olduğunu gördüm. Həmçinin iclasda manitor vasitəsilə katibin protokolda hansı qeydlər yazdığını da görmək olurdu. Yəni prosesin gedişində protokolu izləmək mümkün idi".

O, elektron məhkəmə sisteminə məhkəmə iclas protokollarının əlavə olunmaması ilə bağlı məsələyə də toxunub. Bildirib ki, qətnamə, qərardad, bildiriş, hüquq və vəzifələrin izahı, məktub və s. elektron sistemə yükləndiyi halda protokolların əlavə olunmaması natamamlıq yaradır.

"Düşünürəm ki, məhkəmə iclas protokollarının elektron məhkəmə sisteminə yerləşdirilməsi zəruridir. Bir çoxları hesab edir ki, protokolun sürətini tərəflərə, prosesdə iştirak edənlərə vermək olmaz. Bu, yalnış fikirdir. Protokol da bir sübut növüdür, iş materialıdır və tərflərə verilməldiir. Məhkəmə iclas protokollarının əlavə olunmaması elektron məhkəmə sistemində informasiyaların natamamlığı ilə bağlıdır. Hesab edirəm ki, bu natamamlığı aradan qaldırmaq lazımdır. Belə olduqda vəkil də protokolla daha tez tanış olar, vaxt itirib məhkəməyə getməz", - deyə A.Qasımlı əlavə edib.

Vəkil Gülşən Salmanova da bu problemlə qarşılaşdığını deyib. Onun fikrincə, bütün proseslərin audioyazılarla aparılması problemin aradan qalxmasını təmin edər.

"Bu məsələyə fərdi yanaşmaq lazımdır. Yəni, bütün prokolların pis və ya yaxşı yazıldığını deyə bilmərik. Kifayət qədər əhatəli yazılan protokollar da olur. Hazırda bəzi proseslərin audioyazı ilə aparılması təcrübəsindən istifadə olunur. Lakin bu bütün proseslərdə tətbiq olunsa, daha yaxşı olar. Protokolların tam əhatəli yazılmaması kimi hallar da özüm də təcrübədə qarşılaşmışam. Bu zaman tərəfimdən qeydlər verilib və qeydlərə qanunla nəzərdə tutulmuş qaydada baxılıb", - deyə G.Salmanova bildirib.

Vəkil Bəylər Məmişov isə məhkəmə iclas protokollarının tərtibinin onu qismən qane etdiyini deyib: "Məhkəmə iclas protokollarının tərtibini 5 ballıq sistemdə 4 balla qiymətləndirmək olar. Məhkəmə iclaslarının audioyazı ilə aparılması bu məsələyə müsbət təsir göstərir. Audioyazıdan istifadə isə mülki proseslərdə mümkündür, lakin təəssüf ki, cinayət işlərində tətbiq olunmur".

Xəyalə Bünyatova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi