azia.az
azia.az

Təhsil alan qız gələcəyin təhsilli ailəsini, formalaşdırır - Ekspert

8-09-2023, 07:36

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Moderator.az xəbər verir ki, layihənin budəfəki qonağı təhsil eksperti, tədqiqatçı Elmin Nuri ilə əvvəlcə Azərbaycanda qız uşaqlarının təhsilinin hazırkı vəziyyətini və mövzuya dair digər önəmli məqamları dəyərləndirdik.

Elmin Nurinin fikirlərinə əsasən, Azərbaycan hazırda qızların təhsil hüquqlarının tanıdılması istiqamətində o qədər də geridə qalmış ölkələrdən sayılmır: "Lakin yenə də bu istiqamətdə bir çox zəruri, təxirəsalınmaz addımların atılmasına ehtiyac vardır.

Elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə çıxışlarının birində Azərbaycanda qız uşaqlarının 90%-dən çoxunun hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bildiyini qeyd edib. Ancaq məsələyə nazirin dediyi rakursdan baxsaq, yerdə qalan 10 faiz  heç də kiçik rəqəm sayılmamalıdır. Bu, orta hesabla 100 qız şagirddən 10-unun təhsilləri zamanı hüquqi maneələrlə üzləşməsi faktı deməkdir".

Təsadüfi deyil ki, bu gün də Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların sayı kəskin azalır: "Fərq ondan ibarətdir ki, təxminən, 15-20 il bundan əvvəl əsasən, 4-cü sinifdən, yaxud, daha aşağı və ya yuxarı siniflərdən qızların təhsilinə qadağa qoyulurdusa, indi bu tendensiya dəyişib. Qız şagirdlərin böyük əksəriyyətinin, demək olar, hamısının təhsilinə qadağa məhz IX sinfi bitirdikdən sonra olur. Bunun da əsas səbəbi 2009-cu ildə “Təhsil haqqında” qanunda 9 illik icbari təhsillə bağlı dəyişiklik edilməsi oldu. Məhz bu dəyişiklikdən sonra artıq 9 illik təhsil icbariləşdi və qız şagirdlərin təhsildən yayındırılması faktları hüquqi pozuntu halı hesab edildi. Bundan sonra ,təbii ki, adıçəkilən problemlə bağlı məsələ bir xeyli müsbətə doğru dəyişdi. Ancaq bu dəyişim, nazirin də dediyi kimi, hələlik 90 faiz civarındadır. Hədəf isə bu göstəricini 100 faizə çatdırmaqdır". 

Elmin Nuri ölkəmizdə qızların təhsildən yayındırılmasına səbəb olan əsas maneələrə də diqqət çəkib:

"İstər jurnalist, istərsə də hazırkı tədqiqatçılıq fəaliyyətim dövründə bu məsələ ilə bağlı araşdırmalar aparmış və bir çox insanlarla ünsiyyətdə olmuşuq. Qız şagirdlərin təhsildən yayınma halları, onların səbəbləri, yaşadıqları əngəllərlə bağlı ən yaxşı tərəf müqabilimiz məhz ucqarlarda çalışan müəllimlər olurdu. Onlarda ünsiyyət zamanı mütləq bu detalın da üzərində çox dayanırdıq. Az qala hər biri çalışdıqları bölgədə, dərs dedikləri məktəbdə bu problemlə üzləşdiklərini, şagirdlərə dəstək verən zaman valideyn təpkiləri ilə rastlaşdıqlarını bildiriblər. Həqiqətən də, onların bizə danışdıqları hekayələr kənd müəllimin fədakarlıq göstəricisi kimi də qəbul oluna bilər. Amma bu haqda daha sonra... Səbəblərə qayıtsaq, burada ən çox rastlanan yanlışlıq qız şagirdlərin erkən nikaha cəlbidir. Doğrudur, qanunvericiliyin tələbi ilə qızların nikaha cəlb olunması üçün bəlli yaş göstəricisi var. Ancaq yaşadığımız cəmiyyətdə qeyri-rəsmi olaraq “sözlü olmaq”, “ad etmək” kimi mental vərdişlər var ki, qızların təhsilinə bu, çox mane olub. 

Digər maneələrdən biri də ailədaxili maddi durumdur. Övladlarının təhsil xərclərinə pul ayırmaq istəyən valideyn maddi çətinliklə üzləşməmək üçün əsasən oğlan övladı üzərində seçim edir. Onun təhsilini davam və inkişaf etdirilməsi üçün maliyyə xərcləyir, təhsil mühitinin harada olmasının fərqinə varmır, gələcəkdə əmək bazarında ondan daha çox şey gözləmiş olur. Bu, təbii ki, yolverilməzdir. “Qız onsuz da ərə gedəcək, heç olmasa, oğlan oxusun” fikri ilə hərəkət etmək, sözsüz ki, sağlam düşüncə deyil. Təhsil alan qız gələcəyin təhsil alan ailəsini, mikro-cəmiyyəti formalaşdıra bilər. Biz isə hələ də yanlış düşüncələrdəyik".

Təhsil ekspertinin sözlərinə görə, bu problemin hələ də davam etməsində rol oynayan bir sıra ənənəvi inanclar, mental qanunlar bütün bölgələrində, hətta paytaxtın özündə də müşahidə olunur:

"Doğrudur, kəmiyyət etibarı ilə bir yerdə çox, digərində az rastlanma ola bilər. Amma fakt budur ki, hər yerdə istisna hal kimi olsa da var. Məsələ bölgə yox, qız şagirdin aid olduğu ailənin öz övladına, onun təhsilinə, gələcəyinə olan münasibətidir. Mühafizəkarlığına görə seçilən elə bölgələrimiz var ki, orada sırf valideyn dəstəyi hesabına qız uşağı hazırda uzaq ABŞ-da təhsil alır. Yaxud, elə rayon da olub ki, heç kimin ağlına oranın ifrat mühafizəkar, lazımsız mental qaydalara diqqət edən bir yer olması gəlməz".

Elmin Nuri açıqlamasında sözügedən problemin həlli istiqamətində hökumətin apardığı təhsil siyasətindən də söz açıb: "Hökumətin bu istiqamətdəki fəaliyyəti müəyyən qədər də olsa, var. Doğrudur, işin faydalı iş əmsalının nə qədər olduğunu demək çətindir. Ən azından, yuxarıda çəkdiyimiz nümunə, qanun maddəsinə dəyişikliyin edilməsi qız şagirdlərin IX sinfə qədər təhsilini legitimləşdirdi. Ancaq görünən odur ki, hələ daha çox işlər görülməli, gender bərabərsizliyi dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bizdə də prioritet məsələlərdən sayılmalıdır. Bunun üçün görüləcək ən birinci iş - genderlə bağlı maarifçilik işlərinin artırılmasıdır. İstər mediada, istərsə də təhsil müəssisələrində gender təfəkkürü daha çox aşılanmalıdır. Lazım gəlsə, genderlə bağlı orta məktəblərin son siniflərində ayrıca dərs tədris edilməlidir".

Layihə rəhbəri: Sevinc Fədai


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi