azia.az
azia.az

Hara gedir bu millət?...

7-04-2016, 20:50

Hara gedir bu millət?... Çoxdan idi ki, bu mövzuya müraciət etmirdim. Axır vaxtlar gördüklərim, KİV-lərdə gedən informasiyalar, boşanmalar haqqında verilən statistikanı oxuduqdan sonra yenidən bu mövzuya qayıtmağın əhəmiyyətini başa düşdüm. Bilirəm ki, böyük əksəriyyət üçün bu mövzu heç də maraqlı olmayacaq.
Son illər ərzində dünya miqyasında dəbdə olan bir mövzu ilə tez-tez rastlaşırıq: gender siyasəti. Bu istiqamətdə sosial layihələr həyata keçirilir, maarifləndirmə tədbirləri görülür, təbliğat işləri aparılır.
Nədir gender siyasəti? İlk öncə Genderin nə olduğuna bir açıqlama gətirərək bu siyasətin iç üzünə səyahət edək.
Gender - kişi və qadının arasındakı cinsilik əsaslı bioloji fərqliliyi və feminist nəzəriyyədə qadın və kişi davranışı arasındakı ictimai olaraq inşa edilmiş fərqlilikləri göstərən və bu istiqamətiylə fərqli məzmunlarda fərqli istifadəyə sahib bir anlayışdır. Gender anlayışı, bir fərdin sahib olduğu fiziologiya, bioloji və genetik xüsusiyyətləri olaraq da təyin oluna bilər. Bu xüsusiyyətlər fərdlər arasında bərabərsizliyin meydana gəlməsi üçün bir səbəb deyil. Bu xüsusiyyət yalnız cinsiyyət fərqi yaradır. Yenə tibb elmlərində gender iki şəkildə; qadın və kişi cinsiyyət olaraq ikiyə ayrılır.
Açıqlamadan göründüyü kimi gender dünyanın əşrəfi kimi yaranmış insanın cinsi fərqliliyini bildirən termindən başqa bir şey deyil. Bəs bu günkü həyatımızda bu fərqliliyin siyasiləşdirilməsi, qlobal problemləri kölgədə buraxaraq ictimai problemə çevrilməsi kimlərin dəyirmanına su tökməkdir?...
Gender siyasəti uğrunda ideoloji mübarizənin təşviqatçıları Qərb dünyası, bu mübarizənin hədəfləri isə Şərq ölkələridir. Real dünyada ikili standartları ilə hər kəsi mat qoyan istər Avropa, istərsə də Amerika ölkələri, bir sözlə xristian dünyasının Gender siyasəti uğrunda odlu-alovlu mübarizəsi nə üçündür?
Bunun bir sadə cavabı var - əksəriyyətini müsəlman ölkələri təşkil edən Şərq dünyasının “mədəni” istilasını təmin etmək üçün.
Cəmiyyət yaranan andan bu günə qədər qadın-kişi münasibətləri həmişə diqqət mərkəzində olmuşdur. Bu, onların cəmiyyətin sosial həyatındakı iştirakları baxımdan və cəmiyyətdəki məqamlarından asılı olaraq dəyərləndirilib.
Uca Rəbbim özünü dərk etməsi və yaşam tərzini müəyyən etməsi üçün yer üzünə insanların rifahı naminə son olaraq İslamı göndərdi. İslam qadına haqq və hüquq verdi. Qadına qiymət verdi. İslam Peyğəmbəri “Cənnət anaların ayaqları altındadır deyərək qadına ən böyük qiyməti verdi. Anaya verilən qiymət eyni zamanda qadına verilən qiymətdir. Çünki Ana da eyni zamanda bir qadındır.
İslamın qadına verdiyi bu qədər qiymət və hörməti kiçik görən bu günkü qərb aləmi qadınlara daha çox azadlıq və haqlar verdiyini söyləyirlər. Onlar iddia edir ki, bizim qadınlara verdiyimiz hüquqlar daha mütərəqqidir və bu azadlıq onlara verilən ən böyük qiymətdir. Məgər insanın ürəyindən keçəni etməsi azadlıqdırmı? Xeyir, əslində bu köləlikdir. Hər istədiyini etmək, nəfsinin hər istəyini həyata keçirmək azadlıq deyil, nəfsə qul olmaqdır.
Əksər siyasətçi və qadın təşkilatlarının rəhbərləri tərəfindən qamçılanan milli mentalitetimizin tələblərinə görə müsəlman qadın ilə ailə həyatı qurmaq istəyən bir şəxs mütləq elçilik, kəbin, nişan, toy kimi müəyyən mərhələlərdən keçməlidir. Əgər bir şəxs bu mərhələlərdən keçməzsə qadınla ailə həyatı qura bilməz.
Yuxarıda qeyd etdiyimiz kimi hüquq və bərabərlikdən bar-bar bağıran Qərb dünyasında isə bu mərhələlərə heç ehtiyac belə duyulmur. Yəni bir şəxs öz ayaqqabılarını təmizləmək üçün əskidən istifadə etdiyi kimi, heç bir maneə olmadan qadından da həmən əski kimi istifadə edir. Məgər bu köləlik deyilmi? Məgər bu qadını aşağılamaq, ona bir əşya kimi baxmaq deyilmi?
Ağız dolusu istinadlar etdiyimiz Qərb dünyasında qadın istifadə obyektinə çevrilib. Və bütün bunlar qadın azadlığı kimi təlqin edilir. Yeni model avtomobili nümayiş etdirmək üçün mütləq ona yarımçılpaq qadın əyləşdirmək qadın azadlığıdırmı? Yeni çəkilmiş filmlərin şöhrət tapması üçün əxlaqsız kadrların çəkilişinə yüzlərlə qadının cəlb olunması azadlıqdırmı? Sayı yağışdan sonra göbələk kimi artan xarici kliplərdə qadınların dəhşətli vəziyəti azadlıqdırmı? Ali məktəbi yeni bitirmiş bir qızın hər hansı bir idarədə iş tapması üçün qısa geyimin tələb olunması qadın hüququdurmu? Xeyir bu qadın huququ deyil, əksinə qadının köləliyi və cəmiyyətdə onun əyləncə vasitəsinə çevrilməsidir.
Çox təəssüflər olsun ki, müasir dünyamızda Azərbaycan reallığını özündə əks etdirən bəzi üzdən iraq qadınlarımızın Qərbin bu təbliğatına uyaraq, müasirləşmiş kimi görsənmək xatirinə bütün milli-əxlaqi dəyərlərimizi tapdalamaqla yanaşı, müqəddəs ailə modelimizi də aşınmaya məruz qoymuşdular.
Sonda bunu deyə bilərəmki, insanların qərb həyatına uyğun şəkildə qurduqları ailələr qısa müddətdən sonra boşanma hallarına məruz qalır. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini hər hansı bir təmənna üzərində qurduqda hər hansı bir dəyişiklik olduğu zaman hisslərini dərhal itirə bilirlər. Odur ki, Rəsulullahın və İslamın daşıyıcılarının vasitəsi ilə, bizlərə zaman-zaman gəlib çatmış İslam qanunlarına əməl etməyi, həyatımızı dini dəyərlər üzərində qurmağı unutmayaq!
Hədislərdən birində deyilir; - “Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm..” Soruşurlar: - Nəyə görə ya Rəsulullah? “Küfr etdiklərinə görə” deyə cavab verir. Allaha küfr etdiklərinə görəmi? – soruşulduqda, Rəsulullah sallallahu aleyhi və səlləm dedi: “Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər.. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki: - səndən heç bir yaxşılıq görmədim..”

Natiq ÖMƏR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi