azia.az
azia.az

İşsizlik müavinətlərinin hesablanma qaydasının dəyişdirilməsi təklif edilir

13-04-2016, 16:13

İşsizlik müavinətlərinin hesablanma qaydasının dəyişdirilməsi təklif edilir Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri prosesində işsizlik müavinətlərinin hesablanması üçün tələb olunan əmək haqqı arayışlarının bir çoxunda göstərilən aylıq əmək haqqı məbləğlərinin həmin dövrdə respublika üzrə orta aylıq əmək haqqı səviyyəsindən yuxarı olduğu, bəzi hallarda isə həmin arayışlar üzrə məlumatların müvafiq hesabatlarda öz əksini tapmadığı müəyyən edilib. APA-nın məlumatına görə, bununla bağlı Hesablama Palatası Milli Məclisə təklif təqdim edib.
Hesablama Palatası nəzərə çatdırıb ki, aparılan təhlillər nəticəsində, habelə işsizlik müavinətinin verilməsi istiqamətində fəaliyyəti tənzimləyən normativ-hüquqi aktlarda əmək haqqı barədə təqdim edilən arayışlarda məlumatların dəqiqliyinin araşdırılması üçün müvafiq dövlət orqanının səlahiyyətinin təsbit olunmadığı müəyyənləşdirilib. Eyni zamanda işsizlik müavinətinin təyin edilməsi zamanı işsiz vətəndaşın əvvəlki əmək fəaliyyəti dövründə məcburi dövlət sosial sığorta haqlarını ödəyib- ödəməməsinin araşdırılması zərurəti yaranır. Çünki müvafiq qanunvericiliklə işsizlik hadisəsi sosial sığorta hadisəsi hesab olunur və işsizlik müavinətləri məcburi sosial sığorta haqları hesabına ödənilən müavinətlərə aid edilib.
Hesablama Palatası qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanun ilə sığortaolunanların məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı məlumat Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunur. Hazırda DSMF tərəfindən sığortaolunanların fərdi uçotu sistemi yaradılmış və həmin sistemdə məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunan vətəndaşların əmək haqları barədə məlumatlar toplanır. Son illərdə dövlət və qeyri-dövlət sektorunda çalışanların əmək haqqı və sosial sığorta ödəmələri ilə bağlı məlumatları özündə saxlayan fərdi uçot sisteminin təşkili və pensiya təyinatı prosesində avtomatlaşdırılmış sistemin müvəffəqiyyətini nəzərə alaraq işsizlik müavinətlərinin təyin olunması üçün müvafiq icra hakimiyyəti orqanına (hal-hazırda bu fəaliyyəti məşğulluq xidməti orqanları həyata keçirir) orta aylıq əmək haqqı barədə təqdim edilən arayışların iş yeri üzrə deyil, Fondun müvafiq şöbələri tərəfindən təqdim edilməsi və ya fərdi uçot sisteminin məlumatlarından istifadə imkanlarının yaradılması təklif olunur ki, bu da işsizlik müavinətlərinin məbləğinin düzgün təyin edilməsinin təmin olunması, bununla da dövlət vəsaitlərinin səmərəli və qənaətli istifadəsinə şərait yaradar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi