“Azərenerji”də mənimsəmə halları aşkarlandı
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə açıqladığı hesabatda bildirilir.
Hesabatda bildirilir ki, ümumilikdə 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normative hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb. İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.
Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə quruma göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.
Bundan sonra Palataya təqdim edilmiş məlumata görə,”Azərenerji” ASC tərəfindən 29,7 min manta dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.
Palatanın hesabatı aprelin 15-də Milli Məclisdə qəbul edilməsi üçün müzakirəyə çıxarılacaq.