azia.az
azia.az

Diplomatik nümayəndəliklərin maliyyə əməliyyatlarına ciddi nəzarət TƏKLİF EDİLİR

23-02-2016, 19:13

Diplomatik nümayəndəliklərin maliyyə əməliyyatlarına ciddi nəzarət TƏKLİF EDİLİR Diplomatik nümayəndəliklərin büdcə vəsaitlərindən səmərəsiz istifadəsinin qarşısının alınması üçün Xarici İşlər və Maliyyə nazirliklərinə hər ay hesabat verməsi zəruri sayılıb

Hesablama Palatası Milli Məclisə diplomatik fəaliyyətlə bağlı təkliflər təqdim edib.
Hesablama Palatası qeyd edib ki, son illər ölkəmizin səmərəli şəkildə xarici siyasət məqsədlərini həyata keçirmək üçün ölkənin xaricdə təmsilini genişləndirməyə, o cümlədən səfirlik, diplomatik nümayəndəliklərinin fəaliyyətinin daha da artırılmasını və gücləndirilməsini zəruri edir.
Hökumət xüsusilə son dövrlərdə dövləti xaricdə təmsil edən diplomatik xidmət orqanlarının saxlanılması xərclərinin artırılması və onların maddi-texniki təminatının yaxşılaşdırılmasına tələb olunan məbləğdə vəsait ayrılmaqla maliyyə təminatının təmin edilməsinə xüsusi diqqət verib. Bu məqsədlə dövlət büdcəsindən 2013-cü ildə 58,9 mln. manat, 2014-cü ildə 54,8 mln. manat vəsait yönəldilib, 2015-ci ildə isə 58,4 mln. manat vəsait ayrılıb. Bununla belə, Hesablama Palatası tərəfindən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində aparılan nəzarət tədbirləri zamanı büdcə vəsaitlərinin səmərəsiz istifadə edilməsinə bəzi hallarda bu fəaliyyəti tənzimləyən normativ-metodiki sənədlərdə olan boşluqlar və çatışmazlıqların mövcudluğunun səbəb olduğu aydın olur. Təhlil göstərir ki, xarici ölkələrdə diplomatik korpusun – səfirlik, konsulluq və nümayəndəliklərin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirləri maliyyə hesabatlılığına təsir edən bir sıra amilləri müəyyən etmək imkanı verir. Həyata keçirilən maliyyə əməliyyatlarında Azərbaycan qanunvericiliyi ilə yanaşı yerli qanunvericiliyin də tələblərinin nəzərə alınması bir sıra nöqsanların yaranmasına səbəb olub. Eyni zamanda Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində aparılan nəzarət tədbirlərinin nəticələri bəzi hallarda nöqsanlara yol verilməsinə subyektiv amillərlə yanaşı normativ sənədlərdə olan boşluqların da şərait yaratdığını göstərir. Diplomatik nümayəndəliklərdə əlavə dəyər vergisi üzrə qaytarılmış vəsaitlərin maliyyələşmələrdə nəzərə alınma mexanizminin və uçot-hesabat sənədlərində əks olunma qaydalarının müəyyən edilməməsi, geri alınmış vəsaitlərin müxtəlif təyinatlara xərclənilməsi xərclər smetasının icrasında kənarlaşmaların yaranmasına və xərclərin hesabatlılığının pozulmasına səbəb olur. Buna səbəb olan halların aradan qaldırılması məqsədi ilə Hesablama Palatası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin geri alınmasının və qısa müddət ərzində tam həcmdə dövlət büdcəsinə ödənilməsinin diplomatik nümayəndəliklər tərəfindən təmin edilməsi, bu barədə Xarici İşlər və Maliyyə Nazirliklərinə mütəmadi (aylıq) olaraq hesabatın verilməsi məqsədəuyğun hesab olunmaqla Qaydaların 8.13-cü bəndinin aşağıdakı redaksiyada verilməsini məqsədəmüvafiq hesab edir:
- Diplomatik nümayəndəliklərin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin həmin nümayəndəliyin yerləşdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq geri alınması və alındıqdan sonra 5 bank günü ərzində tam həcmdə dövlət büdcəsinə ödənilməsi diplomatik nümayəndəliklər tərəfindən təmin edilir. Bu barədə Xarici İşlər və Maliyyə Nazirliklərinə mütəmadi (aylıq) olaraq müvafiq hesabat təqdim edilir.
Eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən Maliyyə Nazirliyinin 1998-ci il 15 iyul tarixli əmri ilə təsdiq edilmiş “Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat”ın “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” bəndinə əsasən müəssisənin xarici ölkələrdə olan nümayəndəlikləri, törəmə müəssisələri, şöbələri və digər bölmələri müstəqil balansa ayrıldığı üçün onların xarici ölkələrdə olan əsas vəsaitlərinə öz ölkələrində köhnəlmə (amortizasiya) hesablanmır. Həmin vəsaitlərə onların istifadə olunduğu ölkələrin normativ sənədləri əsasında köhnəlmə (amortizasiya) hesablana bilər. Yuxarıda qeyd edilən təlimatın bu bəndinə istinad edərək xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz sərəncamlarında olan əsas vəsaitlərə nə Azərbaycan qanunvericiliyinə uyğun, nə də olduğu ölkələrin normativ sənədlərinə uyğun köhnəlmə (amortizasiya) hesablamır. Bəzi hallarda əvəzsiz alınan əsas vəsaitlərin dəyər ifadəsi ilə uçotu da aparılmır. Lakin inventarizasiyanın aparılmasından asılı olmayaraq hər il həmin əsas vəsaitlərin və əmlakların uçotdan silinmələri barədə aktlar tərtib edilir. “Diplomatik xidmət haqqında” qanunun 20.3-cü maddəsində diplomatik xidmət orqanlarının Azərbaycan ərazisində və xaricdə dövlət mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun Azərbaycanın müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda əsas vəsaitlərin uçotdan silinməsi Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ı ilə tənzimlənir. Hesablama Palatası hesab edir ki, göstərilən Təlimatda müəssisənin xarici ölkələrdə olan nümayəndəliklərinə qoyulan qaydalar Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə şamil edilməməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi