azia.az
azia.az

XİN: Yunanıstan Azərbaycan qazının alışı üçün bütün məsələləri həll edib

3-02-2016, 21:41

XİN: Yunanıstan Azərbaycan qazının alışı üçün bütün məsələləri həll edib Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.
Azərbaycanla Yunanıstan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan energetika naziri Natiq Əliyev bu əlaqələrin dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslandığını deyib. İqtisadi sahədə əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün “Cənub Qaz Dəhlizi” layihəsinin maneəsiz həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissələrindən olan “Şahdəniz - 2” üzrə işlərin 50%-i tamamlanıb, 26 qaz hasilat quyusundan 8-i artıq qazılıb. “Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi” layihəsi üzrə nəzərdə tutulan tədbirlər də uğurla reallaşdırılır. Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq Transanadolu qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı tikinti işləri də fasiləsiz qaydada davam etdirilir.
N.Əliyev dünyada cərəyan edən siyasi gərginlik və qlobal iqtisadi böhranla əlaqədar neftin qiymətinin düşməsi səbəbindən yaranmış vəziyyətə baxmayaraq, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərdə indiyə qədər ləngimə olmadığını bildirib. Qeyd edib ki, bundan sonra da bir addım belə dayanmadan bu layihə vaxtında başa çatdırılacaq. Çünki bu nəhəng layihə iqtisadiyyatın inkişafı ilə yanaşı, Azərbaycanın nüfuzunun gücləndirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.
Energetika naziri Transadriatik qaz kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyində müsbət imkanlarını nəzərə alan Avropa Komissiyasının yeni qaz mənbələrinin, marşrutlarının və diversifikasiyanın təmin olunması məqsədilə layihənin 3-cü hissəsinin reallaşdırılmasına icazə verilməsi ilə bağlı addımlarını təqdir edib. Bildirib ki, Yunanıstanın bu istiqamətdə dəstəyinə böyük ehtiyac var. Çünki TAP hazır olmasa, onda Azərbaycan qazının Avropaya çatdırılmasına nail ola bilmərik. Ona görə də TAP-ın vaxtında reallaşması layihənin hər kəs üçün səmərəli olmasını təmin edəcək.
TAP-ın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Yunanıstanın xarici işlər naziri N.Kotzias isə bildirib ki, Yunanıstan Azərbaycan qazını almaq istiqamətində bütün məsələləri həll edib. Yaxın gələcəkdə Azərbaycan qazı TAP-la Avropaya nəql olunacaq.
Xarici işlər naziri, həmçinin Yunanıstanın qazpaylayıcı şirkəti DESFA-nın özəlləşdirilməsi ilə bağlı məsələnin də tezliklə həllini tapacağına ümidvar olduğunu deyib.
Sonra “Cənub Qaz Dəhlizi” layihəsində təmsil olunan ölkələrin enerji nazirlərinin Məşvərət Şurasının fevral ayının sonunda keçirilməsi planlaşdırılan ikinci iclası ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi