İlham Əliyev Londonda Xorvatiya prezidenti ilə görüşdü
"Suriyaya və regiona dəstək" konfransı liderlərini bir araya gətirib.
Londonda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.
Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.
İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.
Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.
Böyük Britaniyanın paytaxtı Londonda "Suriyaya və regiona dəstək" adlı donor konfransı başlayıb.
Konfrans Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir . Dövlət başçısı BMT-nin Baş katibi Pan Gi Mun, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveçin Baş naziri Erna Solberq və Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb.
Konfransda 70-ə yaxın dünya liderinin iştirakı nəzərdə tutulub. Artıq pakistanlı insan haqları fəalı, Nobel Sülh mükafatı laureatı Məlalə Yusufzay, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, BMT-nin Baş katibi Pan Gi Mun, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Polşanın Baş naziri Beata Şidlo, Serbiyanın Baş naziri Aleksandr Vuçiç və digər rəsmilər konfransın keçiriləcəyi məkana gəliblər.
Dünya liderləri Londonda donor konfransında 5 illik münaqişədən zərərçəkənlər üçün 9 milyard dollar vəsait toplamağa çalışacaqlar. Qonşu ölkələrdə yaşayan 4,6 milyon suriyalı qaçqına iqtisadi və humanitar yardım planları müzakirə olunacaq. Böyük Britaniya 2020-ci ilədək 1 milyard 75 milyon dollar yardım ayıracağını vəd edib. ABŞ Dövlət katibi Con Kerrinin də ölkəsinin adından böyük məbləğ açıqlayacağı gözlənir.