“Kənd təsərrüfatında istehsal olunan malların, kəndlilərin şəxsi toyuq-cücələrinin, yumurtanın, mal-heyvanın və digər məhsullarının uçota alınması 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq. Artıq yalnız satılan süd və yumurta deyil, ailənin öz istehlakına yönəltdiyi, dəyişdirdiyi, başqalarına verdiyi, hətta heyvanların balalarına içirdilən süd də ümumi istehsal göstəricisinə daxil ediləcək. Dəqiq məlumat olmadıqda isə istehsal heyvanların və quşların sayı, orta məhsuldarlıq əsasında hesablana bilər. İlk növbədə demək istəyirəm ki, yaranmış narahatlıqda vətəndaşlar tamamilə haqlıdırlar. Çünki söhbət kəndlinin həyətində saxladığı bir neçə inəyin südündən, bir neçə toyuğun yumurtasından gedir. İnsanlar haqlı olaraq soruşurlar: bunun məqsədi nədir, bu məlumatlar nə üçün toplanır və gələcəkdə hansı məqsədlər üçün istifadə olunacaq?”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Razi Nurullayev deyib. Deputat qeyd edib ki, dövlətin kənd təsərrüfatı istehsalının real həcmini müəyyənləşdirmək istəyi normaldır: “Aqrar sahədə düzgün statistik məlumatların olması planlaşdırma, ərzaq təhlükəsizliyi və dövlət dəstəyi mexanizmləri baxımından əhəmiyyət daşıyır. Ancaq burada əsas məsələ belə bir qərarın necə təqdim olunması və insanlara necə izah edilməsidir. Mənim iradım məhz bu məqama aiddir. Dövlət hər hansı yeni qayda tətbiq edirsə, onun məqsədini əvvəlcədən aydın, sadə və cəmiyyətin qəbul edə biləcəyi formada izah etməlidir. İnsanlara deyilməlidir ki, bu uçot niyə aparılır, toplanan məlumatlar harada saxlanılacaq, kimlərin istifadəsinə veriləcək və gələcəkdə həmin məlumatlar əsasında vergi, sosial yardım və ya digər inzibati qərarlar qəbul ediləcəkmi? Əgər vergi tətbiqi nəzərdə tutulmursa, bu, hüquqi əsasları ilə birlikdə açıq şəkildə bəyan edilməlidir”.

“Yumurta mafiyası” qiyməti bahalaşdırdı, daha da bahalaşacaq
Qarşıdurmadan əməkdaşlığa....

Ət yemək ömrü uzadır-BU YAŞDA