Plastik cərrahiyyə sertifikatı olmayan həkim cərimələndi - Şikayəti rədd edildi
Plastik cərrah Xudiyeva Səkinə Fərmayıl qızının Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimədən verdiyi şikayət təmin edilməyib.
Qaynarinfo-nun məlumatına görə, Səkinə Xudiyeva ümumi cərrahiyyə üzrə sertifikatı olduğunu, lakin Nazirliyin qərarında göstərilən tarixdə klinikada işləmədiyini və hər hansı əməliyyat aparmadığını bildirərək inzibati tənbehin ləğvini istəyib.
Məhkəmə materiallarından məlum olub ki, Səhiyyə Nazirliyinin plandankənar yoxlaması zamanı özəl klinikada çalışan həkimin plastik cərrahiyyə sahəsində müvafiq ixtisas sertifikatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunub.
Səkinə Xudiyeva şikayətində həmin dövrdə klinikada olmadığını və əmək müqaviləsinə xitam verildiyini qeyd edib. O, protokolda göstərilən tibbi müdaxiləni də həyata keçirmədiyini bildirib.
Həkimin nümayəndəsi isə onun ümumi cərrahiyyə üzrə sertifikatının olduğunu və bu ixtisas çərçivəsində müəyyən əməliyyatları icra etmək hüququna malik olduğunu vurğulayıb.
Lakin məhkəmə araşdırması zamanı Səkinə Xudiyevanın yalnız ümumi cərrahiyyə üzrə qüvvədə olan sertifikasiya şəhadətnaməsinə malik olduğu, plastik cərrahiyyə üzrə isə müvafiq sertifikatının, ixtisasartırma sənədinin və ya bu sahədə əməliyyatları müstəqil icra etmək hüququnu təsdiqləyən rəsmi sənədinin olmadığı qənaətinə gəlinib.
Məhkəmə hesab edib ki, ümumi cərrahiyyə üzrə sertifikat plastik cərrahiyyə əməliyyatlarını müstəqil həyata keçirmək hüququ vermir. Həkimin artıq həmin klinikada işləməməsi də yoxlama zamanı aşkar edilmiş pozuntuya görə məsuliyyətdən azad olunması üçün əsas deyil.
Nəticədə Səbail Rayon Məhkəməsi Səkinə Xudiyevanın şikayətini təmin etməyib və Səhiyyə Nazirliyinin onun barəsində qəbul etdiyi inzibati tənbeh qərarını dəyişdirilmədən saxlayıb.
Qeyd edək ki, Səkinə Xudiyevanın SAF Hospitalın rəsmi internet səhifəsində plastik cərrah kimi fəaliyyət göstərdiyi qeyd olunur.