azia.az
azia.az

Torpaq alanların diqqətinə... – Bu halda aldadıla bilərsiniz

Dünən, 15:01

Son zamanlar torpaq və ev alqı-satqısı zamanı maklerlərin alıcılara pulu birbaşa notariusun bank hesabına köçürməyi təklif etdiyi bildirilir. Bu üsulun əməliyyatı sürətləndirmək məqsədilə edildiyi iddia olunur.

Bəs bu, həqiqətən, qanuni prosedurdur, yoxsa alıcılar üçün dələduzluq riski yarada bilər?

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, torpaqların hüquqi yolla alqı-satqı edilməsi üçün çıxarışının olması əsas şərtdir.

O bildirib ki, bu zaman notariat qaydada təsdiq olunmaqla alqı-satqı həyata keçirilir: “Bəzi maklerlər başqa variantlardan istifadə  edərək vətəndaşların bilgisizliyindən istifadə edirlər. Notariusla ancaq bu şəkildə edilə bilər ki, torpağın satışı üçün zəruri olan çıxarışı olsun. Satış baş tutduqdan sonra alqı-satqı müqaviləsi bağlanaraq satıcı öz pulunu götürə bilər. Digər tərəfdən torpaq bələdiyyənin torpağıdırsa, notariat qaydada alqı-satqı rəsmi hesab oluna bilməz. Çünki hüquqi sənəd olmalıdır. Bələdiyyə qərarı olan torpaqların alqı-satqısı o zaman ola bilər ki, bələdiyyə sənədi kimin adınadırsa, həmin vətəndaş notariat qaydada həmin torpaqdan imtina edir və alıcının adına rəsmiləşdirilməsini bələdiyyədən xahiş edir. Bu da bütün sənədlər üçün keçərli deyil. Bələdiyyə də bu sənədi rəhbər tutaraq qərarı digər şəxsin adına dəyişə bilər. Ancaq burada da xüsusi nüanslar var. Bu qərarın nə zaman verilməyi və qərarın bələdiyyənin hazırkı hüquqları daxilində olub-olmaması məsələsinə baxılmalıdır. Alıcını inandırmaq üçün istifadə edilən bəzi yollar yolverilməzdir. Başqa ad qoymaqla notariusun əli ilə hesaba pul qoymaq mümkün ola bilər, ancaq bunun adını torpaq alqı-satqısı qoymaq qeyri-mümkündür”.

A.Nəsirov onu da əlavə edib ki, vətəndaşların bir çoxları bilməyərək torpaqları etibarnamə ilə alaraq işin hüquqi cəhətinin tamamlandığını düşünürlər, amma bu əsla belə deyil: “Etibarnamə o demək deyil ki, torpaq hüquqi yolla tam olaraq ada keçirilib. Çünki torpağın hüquqi çıxarışı olmadığı üçün etibarnamə ancaq xüsusi torpağın sahibi olan vətəndaşın adından çıxış etmək deməkdir. Etibarnamə ilə əmlak alanlara xəbərdarlıq etmək istəyirəm ki, bu etibarnamə ləğv edilərsə və ya müddəti bitərsə, etibarnaməni verən şəxs dünyasını dəyişərsə, bu, konkret olaraq alıcının öz sərmayəsini, torpağını itirməyi deməkdir. Bu daha acınacaqlı olar. Etibarnamə ilə alınan torpaqların addan ada keçirilməsi mümkün deyil. O zaman mümkün ola bilər ki, həmin torpaq birinci sahibinin adına özəlləşdirilsin daha sonra hüquqi yolla alqı-satqı edilsin. Bələdiyyə sənədi ilə hüquqi yolla alqı-satqı etmək qeyri-mümkündür. Etibarnamə və ya qeyri-qanuni yolla torpaq almaq istəyənlər bunları nəzərə alaraq qərar verməlidirlər”.

Şəhanə Qədirli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi