azia.az
azia.az

Müxalifət mitinq ideyasından daşınmaq istəmir

16-03-2019, 09:01

Tural Abbaslı: “Son 20 ilin ən böyük kütləvi aksiyasını keçirəcəyik”
Qarabağ Komitəsinin martın 16-da “Qarabağa azadlıq” şüarı ilə keçirməyi planlaşdırdığı mitinq ə icazə verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

Son aylarda Azərbaycanda Milli Şuranın 19 yanvar mitinqi istisna olmaqla, Qarabağ Komitəsinin 5, Milli Şuranın 3 və Müsavat Partiyasının 2 mitinq müraciətinə icazə verilməyib.

Bu da ortaya yeni iddiaların çıxmasına səbəb olub. Belə ki, mitinqlərin keçirildiyi “Məhsul” stadionunun icazəli aksiyalar üçün qapadıldığı bildirilir.

Amma bununla belə aksiya keçirməsinə icazə verilməyən qurumlar bu ideyalarından vaz keçmirlər. Mitinq müraciətləri ard-arda edilir. Artıq bu sıraya Azərbaycan Xalq Hərəkatı (AXH) da qoşulmaq üzrədir. AXH daxilində mitinq müzakirələri başlayıb.

Həm QK-nın, həm də AXH-nin təsisçilərindən olan AĞ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında təmsil olunduqları qurumların hər ikisində bu yöndə gedən müzakirələrin səngimədiyini söylədi: “Təəssüf olsun ki, son zamanlar istənilən mövzuda müraciət edilən kütləvi aksiyalara hakimiyyət razılıq vermir. Buna da hər dəfə çox absurd, bəzən gülünc və tam qanunsuz səbəblər göstərir. Qarabağ Komitəsi olaraq da bizim artıq səhv etmirəmsə 5-ci mitinq müraciətimizə neqativ cavab verilib. Son dəfə komitənin iclasında razılıq olmazsa, razılaşdırılmamış aksiyalara keçilməsi barədə müzakirələr aparıldı və bunun mümkünlüyü qeyd olundu. Bu barədə qərar vermə səlahiyyəti də İdarə Heyətinə aid edildi. Bu məsələ İdarə Heyətində müzakirə edilərkən son dönəmlər regionumuzda baş verən hadisələr və daxildəki açılım cəhdləri nəzərə alınaraq hələ belə bir radikal addımın atılması məqsədəuyğun hesab edilmədi. Qərar verildi ki, bu dəfə də məhkəməyə müraciət olunsun. Təbii ki, biz Qarabağ Komitəsi olaraq Qarabağ ətrafında yaranmış təhlükəli situasiyanı nəzərə alaraq mitinq keçirməkdə və xalqın iradəsini ortaya qoymaqda israrlıdır. Odur ki, biz mitinqlə bağlı bir daha müraciət edəcəyik. Çox böyük ehtimalla aprel ayının ilk ongünlüyündə mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərəcəyik. Ümid edirəm ki, hakimiyyət artıq bu mənasız dirənişdən əl çəkər və xalqın Qarabağ həssasiyyətini nümayiş etdirməsinə mane olmaz. Qarabağ ümummilli bir məsələdir, bu məsələyə hər kəs ümummilli maraqlardan baxmalı və belə yanaşmalıdır. Biz burada iqtidar-müxalifət mübarizəsi aparmırıq, biz Qarabağ davası aparırıq”.
Müxalifət mitinq ideyasından daşınmaq istəmir
T.Abbaslı AXH daxilində 30 martda mitinq keçirmək üçün müzakirələrin getdiyini açıqladı: “AXH-də artıq bir müddətdir ki, razılaşdırılmış kütləvi aksiyalara başlanılması barədə diskussiyalar aparılır. Biz AĞ Partiya olaraq AXH-nin təsisçilərindən biri kimi artıq uzun müddətdir ki, bu barədə qərar verilməsinə çalışırıq. Ancaq hərəkatdakı bəzi dostlarımızın bununla bağlı tərəddüdləri var idi və hələ də qalmaqda davam edir. Əslində onların da arqumentləri haqlıdır. Belə ki, onlar qeyd edirlər ki, AXH yeni qurulub və hələ təşkilatlanma mərhələsindədir. Təklif olunur ki, biz hərəkat olaraq təşkilatlanmanı tam yekunlaşdıraq və daha sonra mitinqlərə başlayaq. Ancaq biz düşünürük ki, AXH-nin yeni yaranmasına baxmayaraq xalq arasında kifayət qədər populyardır və dəstəklənir. Elə bu dəstək və populyarlıq da bizə kifayət qədər kütləvi mitinqlər keçirməyimizə imkan verir. AXH-nin İdarə Heyətinin son 3 iclasında bu məsələ intensiv müzakirə olunub və demək olar ki, mitinq keçirilməsiylə bağlı ilkin razılıq əldə edilib. Çox güman ki, İdarə Heyətinin növbəti toplantısında AXH olaraq mart ayının 30-da ”Məhsul" stadionunda mitinq keçirmək barədə BŞİH-nə rəsmi məktubla müraciət edəcək. Təbii ki, bu mənim ehtimalımdır, bütün qərarlar konsensusla və səs çoxluğu ilə veriləcək. Əminəm ki, iqtidarı hərəkata “Məhsul” stadionunda mitinq keçirməyə şərait yaratsa, biz son 20 ilin ən böyük kütləvi aksiyasını keçirəcəyik. Əslində bu gün iqtidarın etdiyi açılım cəhdləri ilə kütləvi aksiyalara qadağaların tətbiq olunması üst-üstə düşmür. Mən buradan hakimiyyətə də səslənirəm ki, son zamanlar mitinqlərə qoyulmuş qeyri rəsmi qadağanı aradan qaldırsın və demokratik islahatlar yolunda növbəti addım atmış olsun".

Cavanşir ABBASLI,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi