Makron, masonlar və Mirzə Fətəli...
Bəli, rusların hərəsi bir şey yazdı. Birisi ərz etdi ki, Emmanuel Makronun çox yaxın dostu dünyasını dəyişib və bu adam guya mason iyerarxiyasında çox yüksək statusa malik imiş. Bu da hələ hər şey demək deyildi. Makronun dostunun katolik qaydası ilə dəfn olunması kilsəni xeyli qəzəbləndirib, çünki sən demə, katolik kilsəsinin masonlarla bağlı, necə deyərlər, anafeması varmış, katoliklərə bu təşkilata üzv olmaq yasaq imiş.
Qalmaqalın inkişafını deyə bilmirik. Makronun həzrətlərinin prezidentlik müddəti gələn mayda başa çatır, rədd olub gedəcək. Konstitusiyaya görə, o, daha prezident ola bilməz. İndi hamı Marin Le Penin böyük şanslara malik olduğunu deyir. O ki qaldı Makron düşərgəsinə, bu mason söhbəti heç yerinə düşməyib və mühafizəkarlar bu məsələni də şişirdib ondan fayda götürməyə çalışacaqlar.
Doğrusu, indi, XXI əsrdə mason söhbəti nə məna kəsb edir, bilmirəm. İndi hamı açıqlıq, aşkarlıq tələb edir, konspirologiyadan qorxur və bundan qaçır. Masonların da leqal fəaliyyət göstərdikləri vaxtlar olub. Məsələn, bir ara keçmiş Rusiyada da onları leqallaşdırıblar, sonra isə qadağan ediblər: yazılanlara görə, “dekabristlər”in çoxu mason olub.
Hətta bizim Mirzə Fətəli özünün “Kəmalüddövlə...” əsərində yazırdı ki, kül başınıza, ay müsəlman hökumətləri, başqaları ölkələrində mason lojaları yaradır, amma siz hələ yatırsınız! Bəli, məncə, təxminən belə idi, çoxdan oxumuşam. Əlbəttə, hamı və hər şey Mirzənin dediyi kimi sadəlövh olmayıb. Bütün tarixini götürsək, masonların da ağ günləri çox olmayıb, onları daha kimlərlə bağlamayıblar?
O ki qaldı Mirzənin özünə, adamın az qala müəllimləri keçmiş “dekabristlər” olmuşdu və istisna deyil ki, Fətəli bəy özü də masonlara yaxın olub. Hər halda, bu adam bizim ilk qərbçimiz, ilk respublikaçımız və ilk konstitusionalistimizdir. Əlbəttə ki, bu detalları onun əsərlərində təkrar yoxlamaq lazımdır, amma zənnimcə, yanılmırıq, təxminən belə idi: Mirzə Fətəli Şərq-müsəlman fəlsəfəsində Qərb dünyagörüşündən xəbərdar olan, bəlkə də, ilk filosof olub.
O ki qaldı masonların indiki durumuna, guya onlar tamamilə leqal fəaliyyət göstərirlər. Vaşinqtonda bir möhtəşəm bina görmüşdüm. Soruşdum ki, bu, nə binadır? Dedilər ki, masonların qərargahıdır. Yəni dediyim budur ki, hər şey belə açıq, aşkar və leqaldırsa, onda masonluq indi özündə nə ehtiva edir? Bəlkə də, bu da transmilli partiyadır? Ola bilər, şəxsən bizə bunun bir isti-soyuğu yoxdur. Həm də ona görə ki, dünya siyasətçiləri və mütəfəkkirləri arasında masonlar çox olub. Bir-iki praktiki nümunə deyəcəyəm: Corc Vaşinqton, Franklin, Cefferson. Mütəfəkkirlərdən isə, məsələn, Volter...
Amma bir daha deyirəm, XXI əsrdir, hamı siyasətdə aşkarlıq, açıqlıq tələb edir, nəinki demokratiyadan, hətta K. Popperin “açıq cəmiyyət”indən danışır, konspirologiyanı lənətləyir. Ona görə də indi belə şeylər elə də maraqlı görünmür, bu cür işlərə baş qoşmağın mənası yoxdur.
Transmilli partiyalara gəldikdə, əlbəttə, Avropa İttifaqı və ya Avropa Şurası müstəvisində kontinental partiyalar qurmağa cəhd edilir, amma burada hər şey aşkarlıqla, leqallıqla baş verir.
Həm də bu, siyasətbazlıqdır. Bizim kimi dünyanı təzə kəşf edənlər xaricdə nəsə varsa, qayıdırlar ki, bəs ondan bizdə niyə olmasın? Və bəli, proses başlayır: bir də gördün, ağla gəlməyən ölkədə hətta hansısa “loja” yarandı. Belə şeylər çox olur, hər şeyə aludə olmayın. Həm də söhbət demokratiyadan, azadlıqdan, əsl respublikaçılıqdan gedirsə, niyə bunları gizli etməliyik? Əksinə, bunları ucadan demək lazımdır ki, insanların qulaqları alışsın, “demokratiya” sözünü eşidəndə daha xaç vurmasınlar, “bismillah” deməsinlər...
Hüseynbala Səlimov