Ədalətə sədaqətlə xidmət edən ömür yolu - Tofiq Paşayev - 60
Bu gün Azərbaycan məhkəmə sistemində uzun illər səmərəli fəaliyyəti, yüksək peşəkarlığı, prinsipiallığı və zəngin idarəçilik təcrübəsi ilə seçilən tanınmış hakim, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Tofiq Paşayevin 60 yaşı tamam olur.
E-huquq.az xəbər verir ki, Tofiq Paşayev 1966-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin məzunu olan Tofiq Paşayev əmək fəaliyyətinin sonrakı mərhələlərində özünü hüquq sahəsində bilikli, məsuliyyətli və prinsipial mütəxəssis kimi təsdiqləyib.
Onun hakimlik fəaliyyəti 2000-ci ildən başlayıb. 2000-2007-ci illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Bu dövr onun hakim kimi formalaşmasında, mürəkkəb hüquqi məsələlərin araşdırılması və ədalətli qərarların qəbulunda mühüm təcrübə qazanmasında əhəmiyyətli mərhələ olub.
2007-ci ildə Tofiq Paşayev Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri təyin edilib və 2012-ci ilədək bu vəzifəni uğurla həyata keçirib. Ardınca onun peşəkar fəaliyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ilə bağlı olub. 2012-2021-ci illərdə həmin məhkəməyə rəhbərlik edən Tofiq Paşayev burada da yüksək təşkilatçılıq qabiliyyəti, tələbkarlığı və məhkəmə idarəçiliyinə məsuliyyətli yanaşması ilə seçilib.
Uzun illər ərzində rayon məhkəmələrinə rəhbərlik etmək, müxtəlif xarakterli və mürəkkəb işlərə baxmaq, hakim kollektivi ilə işləmək onun həm hakim, həm də rəhbər kimi zəngin təcrübə formalaşdırmasına imkan verib.
2021-ci ildə Tofiq Paşayev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub. Həmin il mayın 24-dən isə Sumqayıt Apellyasiya Məhkəməsinin sədri kimi fəaliyyət göstərir.
Apellyasiya instansiyasında rəhbərlik xüsusi məsuliyyət tələb edir. Çünki burada yalnız hüquqi bilik və hakimlik təcrübəsi deyil, eyni zamanda düzgün idarəçilik, obyektivlik, prinsipiallıq və kollegial iş mühitinin formalaşdırılması kimi mühüm keyfiyyətlər də ön plana çıxır. Tofiq Paşayevin uzun illər ərzində qazandığı təcrübə onun bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməsində mühüm rol oynayır.
Onun hakim kimi fəaliyyətində hüquqi məsələlərə dərindən yanaşma, işin bütün hallarını diqqətlə araşdırmaq, tərəflərin mövqelərini obyektiv qiymətləndirmək və qanunun tələblərinə uyğun qərar qəbul etmək xüsusi əhəmiyyət daşıyır. Məhkəmə sədri kimi isə bu keyfiyyətlərə təşkilatçılıq bacarığı, yüksək idarəçilik mədəniyyəti və kollektiv qarşısında məsuliyyət hissi də əlavə olunur.
Tofiq Paşayev yalnız peşəkar hakim deyil, eyni zamanda öz davranışı, işə münasibəti və insanlarla ünsiyyəti ilə hörmət qazanan ziyalı kimi xarakterizə olunur. Onun insanlara münasibətində təmkin, sadəlik və səmimiyyət kimi keyfiyyətlər xüsusi yer tutur. Həmkarlarına münasibətdə qarşılıqlı hörmətə, iş prosesində isə intizam və məsuliyyətə böyük önəm verməsi onu nümunəvi rəhbərlərdən birinə çevirir.
Tofiq Paşayevin əməyinə dövlət səviyyəsində verilən qiymət də onun peşəkar fəaliyyətinin göstəricilərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Tofiq Paşayev “Tərəqqi” medalı ilə təltif edilib.
2021-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvü olan Tofiq Paşayev məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fəaliyyətində də öz zəngin hakimlik və idarəçilik təcrübəsini ortaya qoyur. O, 2025-ci ildən isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının sədridir.
Onun peşə yoluna nəzər saldıqda aydın görünür ki, Tofiq Paşayev üçün hakimlik yalnız bir vəzifə deyil, böyük məsuliyyət və dövlətçilik missiyasıdır. Çünki hakimlik insan talelərinə toxunan, yüksək vicdan və obyektivlik tələb edən ən məsuliyyətli peşələrdən biridir. Bu məsuliyyəti uzun illər ərzində layiqincə daşımaq isə yalnız hüquqi biliklə deyil, həm də möhkəm xarakter, səbir, təmkin, prinsipiallıq və ədalət hissi ilə mümkündür.
Bu gün 60 illik yubileyini qeyd edən Tofiq Paşayevin həyat və fəaliyyət yolu məhz bu keyfiyyətlərin vəhdətini əks etdirir. Onun keçdiyi peşə yolu hüquqşünasdan hakimə, hakimdən məhkəmə sədrinə, daha sonra isə məhkəmə-hüquq sistemində mühüm vəzifələr daşıyan rəhbər şəxsə qədər uzanan, zəngin təcrübə və məsuliyyətlə formalaşmış bir ömür yoludur.
Bu əlamətdar gündə Tofiq Paşayevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, şərəfli və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayırıq!