Azərbaycana da ayaq açan Böyük Mason Lojası: Masonluq nədir və necə yaranıb? - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, iyunun 28-də Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan masonlar Azərbaycana gəlib. Bu hadisədən sonra sosial şəbəkələrdə masonlara qarşı maraq artıb. Xüsusən də gənclər bu təşkilata qoşulmaq istəyirlər.
Böyük Mason Lojası nədir və buraya necə qoşulmaq olar?
Sfera.az xəbər verir ki, masonluq fəlsəfi-etik hərəkatdır, tam olaraq nə vaxt ortaya çıxması isə bir az mübahisəli məsələdir. İlk mason lojalarının XVII əsrin əvvəllərində Şotlandiyada mövcud olduğunu təsdiqləyən dəlillər var. Bununla bərabər, masonluğun XVII əsrlərin ortalarında İngiltərədə mövcud olduğuna dair dəqiq mənbələr də mövcuddur.
Masonluğun tarixi
"Mason" sözü ingilis dilində olan “freemason” sözündən yaranmışdır və tərcüməsi "azad bənna" deməkdir. Belə ki, təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasında "Kainatın ulu memarı" ifadəsindən istifadə edirlər.
Masonluq ezoterik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq, aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirib. Masonluğun əsas fikir mərkəzlərindən olan Şotlandiya, İrlandiya və Böyük Britaniyada 400.000 nəfərə yaxın mason mövcuddur. Dünya üzrə masonluq sisteminin ən güclü olduğu yer kimi qəbul edilən Amerika Birləşmiş Ştatlarında isə 2 milyon nəfər mason var.
Masonların fəaliyyəti
Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi baş lojaya tabedir. Onların olduğu ölkələrin sayı təxminən 86-dan çoxdur. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi ABŞ-nin hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır. Bir ölkədə fəaliyyət göstərən mason lojaları bir-biri ilə əlaqələr quraraq münasibətlərini genişləndirir, onların ümumi fəaliyyətləri isə baş loja tərəfindən koordinasiya edilir.
Bəzi lojalarda icmaya ateist düşüncəli insanların qəbulu daha məqbul sayılsa da, ümumilikdə, masonluq da dünyanın dini təhlilinə əsaslanır və üzvlüyü dini mənsubiyyətə görə məhdudlaşdırmır. Masonluq fəlsəfəsi özündə xristianlıq və digər dinlərin zahiri elementlərini ehtiva edir. Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindən alır. Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna verilir. Masonluğun ümumi qəbul olunmuş rəmzi daxilində açıq göz olan üçbucaqdır. Masonluğun digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır.
Masonluğun əsas dini mənası Allah və insan ruhunun xüsusi enerji halları olmasını iddia etməsindədir. Masonlar bu təlimə əsaslanaraq günah və xəcalət anlayışlarını rədd edir, əvəzində karmaların pozulmasını bəşəriyyət və mason ordeni üçün pis və ya zərərli hesab edirlər. Belə ki, masonların fikrincə, ruh şəxssiz substansiya olub başqa bir insan bədəninə ötürülə bilər.
Azərbaycanda masonluq
“Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. 2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilə bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına qərar verilib. 5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib. Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.
Əslində, masonluğun Azərbaycandakı aktiv fəaliyyət tarixçəsi keçən əsrin əvvələrinə təsadüf edir. Rusiyada masonluğun mövcudluğunu, Rokfeller, Rotşild kimi ailələrin keçən əsrin əvvəllərində Azərbaycandakı fəaliyyətini nəzərə alsaq, bu o qədər də təəccüblü görünmür.
Yuxarıda qeyd etdiyimiz Bağır Heyət 1938-ci ildə Təbrizdə anadan olan olub və gənc yaşlarında İrandan ABŞ-yə mühacirət edib. ABŞ-də ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət ABŞ vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirib, Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dəki "Nur lojası" və "Azəri lojası"nın qurulmasında fəal iştirak edib.
19 dekabr 2006-cı ildən etibarən o, Vaşinqtondakı lojaların mərkəzi olan "Kolumbiya Dairəsi Böyük Lojası"ına (Grand Lodge of the District of Columbia) başçılıq edən Böyük Ustaddır.
Mason təşkilatına necə qatılmaq olar?
Sfera.az-a açıqlamasında REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, bu qurum çox qapalıdır:
“Kitablardan oxuduğumuza görə, buraya üzvlük prinsipi yoxdur, dəvət var. Bu təşkilat QHT və ya hansısa Həmkarlar Təşkilatı deyil ki, kimsə getsin, ərizə versin. Oraya sadəcə müəyyən insanlar dəvət olunur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev bildirib ki, masonlar Ədliyyə Nazirliyində təşkilatlarını qeydiyyatdan keçirmək üçün sənədlər təqdim ediblər:
“Nazirlik hələ ki həmin sənədləri təsdiq etməyib, lakin, məncə, müəyyən bir müddətdən sonra sözügedən sənədi təsdiqləyəcək. Mason təşkilatının Azərbaycandakı nümayəndəsi isə məsələ ilə bağlı bildirib ki, yüksək dərəcəli masonlar ilin sonuna qədər Azərbaycana gələcəklər və Ədliyyə Nazirliyi onların buradakı nüfuzlarının artmasını nəzərə alaraq onları qeydiyyatdan keçirəcək. Bundan sonra biləcəyik ki, Azərbaycanda masonların təşkilatı var”.
İddialara görə, Azərbaycanda masonların yığıldığı yerlərdən biri Bakıdakı kilsələrdir. Mason olmaq fikrində olanların baş vuracaqları yerlərin kilsələrin və simvolik mənalar daşıyan küçələrin önü və s. yerler olacağı düşünülür. Azərbaycandakı mason lojasının başçısı sarı qaşlı üzüklə tanınır. Bu üzük şirin gözünü xatırladır.
Firuzə Əliyeva