azia.az
azia.az

Azərbaycan Vəliyevlərdən nə vaxt qurtulacaq?

22-06-2022, 16:31

Azərbaycan Vəliyevlərdən nə vaxt qurtulacaq?
Azərbaycan Ordusunda qarışıqlıq salanları Xanlar Vəliyev qoruyub!

Son 5 il ərzində ölkədə çox ciddi ictimai rezonans doğuran iki hadisədə “Vəliyev qardaşları”nın adı qırmızı xətlə keçir. Onlardan birincisi budur: – Ermənistana casusluq etdiyi iddia olunan Azərbaycan hərbçiləri 2017-ci ilin aprel, 2018-ci ilin yanvar aylarında fiziki və mənəvi işgəncələrə məruz qaldı, şikəst edildi, öldürüldü.

Qeyd edim ki, 2005-ci ildən Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyevdir və ölkədə hərbçilərə qarşı həyata keçirilən işgəncələrə (əslində terror) görə Vəliyev ən böyük məsuliyyət sahiblərindən biridir. Heç şübhəsiz, Tərtər cinayətlərinin sifarişi Rusiyadan gəlib və Azərbaycanda bu işin əsas siyasi kuratorlarının, icraçı generalların, bu cinayətlərə susqun qalan (halbuki müdaxilə edə bilərdi) və hələ də mühüm vəzifələrdə olan şəxslərin kimliyi çoxumuza bəllidir. Məqsəd Azərbaycan ordusuna qarşı inamsızlıq yaratmaq, ordunun satqınlardan ibarət olduğunu isbatlamaq və gələcəkdə Qarabağın azad olunması üçün atılan bütün addımları iflasa uğratmaqdan ibarət idi.

2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı və bu işin prezidentin nəzarəti altında olması günahkarların cəzalandırılacağına olan ümidləri də artırır. Məsələ ondadır ki, X.Vəliyev düşdüyü situasiyanın çıxılmaz olduğunu dərk etməkdə acizlik çəkmir. O, “mən işgəncələrin qarşısını alan adamam. Mən olmasam, allah bilir nələr olacaqdı” deməklə, siyasi hakimiyyətin ən üst kataloqunda təmsil olunan məmurları da şantaj edir. Ardınca da ona yaxınlığı ilə seçilən keçmiş hərbçilər iddia edirlər ki, guya X.Vəliyev müxtəlif qurumlarda ciddi yoxlamalar aparır və buna görə də onu “vurmaq” üçün Tərtər hadisələrində zərərçəkənlərin ailə üzvlərinin aksiyasını təşkil ediblər. Bu şəxslərin dili ilə Baş Prokuroru və Müdafiə nazirini şantaj edən X.Vəliyev bu günə qədər orduda baş verən hərbi cinayətlərdən qazandığı milyonlar hesabına özünü qorumağı bacarıb. Amma artıq gecdir…

Vacib məqam: Hərbi Prokurora vaxtilə dislokasiya olunmuş hərbi hissədə baş verən ağır hərbi cinayətlər, öz zabit-əsgər heyəti tərəfindən məqsədli şəkildə zorlanan əsgərlər və bu cinayətlərin əsas icraçısı olan hərbi hissə komandiri haqqında (həmin hərbi hissə komandiri vaxtilə X.Vəliyevin qəbulunda da olub) adlarla konkret suallar da ünvanlaya bilərəm.

Saxta “dəlilik kağızı” alan hərbi hissə komandirini nə üçün qoruduğunu Xanlar Vəliyevdən soruşmaq elə də çətin məsələ deyil. “Bir şilləyə görə valideynlərindən rüşvət tələb olunan” əsgər postda olarkən kimlərin tapşırığı ilə, hansı şəraitdə dünyasını dəyişdi?

Vəliyev qardaşları ilə bağlı ikinci ciddi hadisə isə 2018-ci ilin iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən sui-qəsdə məruz qalmasıdı. Səfərov Rusiya vətəndaşıdır, silahlı dini birləşmələrin tərkibində xarici ölkələrdə, eləcə də Suriyada təlimlər keçib. Onun müdafiəsini isə İran təşkil edirdi. Bu məsələdə Gəncə və E.Vəliyevin özü də boş yerə seçilməmişdi. İzahı olmalıdır ki, Azərbaycanın qonşuları niyə məhz “Vəliyev qardaşları”nın adı qırmızı xətlə keçən və ölkədə çox ciddi rezonansa səbəb olan iki böyük hadisəni törətməli olub!? Bir qardaşın adı Azərbaycan hərbçilərinə qarşı həyata keçirilən terrorda hallanır, o biri qardaş isə terrorun (sui-qəsdin) qurbanı olur…

Dövlət “Vəliyevlər ailəsi”ndən canını qurtarmalıdır. Özü də yubanmadan və təcili! P.S. Xanlar Vəliyevə məxsus villaların, ticarət obyektlərinin fotolarını, ünvanlarını və bu şəxslərin də aid olduğu kriminal qruplaşmalar haqqında məlumatları gözləyin… Tezliklə…

Samir Feyruzov, politoloq
Azərbaycan Vəliyevlərdən nə vaxt qurtulacaq?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi