Yeniyetmələr gecə klublarına niyə buraxılır…
Elina adlı məktəbli qızın səs-küyə səbəb olan intiharından sonra azyaşlılarla bağlı bir neçə məqam da gündəmə gəldi. Gecə klubunda çəkilən və Elinaya aid olduğu iddia edilən fotoların yayılması ilə məktəblilərin klublara getməsi ciddi müzakirələr yaratdı. Sosial şəbəkələrdə gecə klublarının bağlanması haqqında təkliflər də irəli sürdülər.
Bu təkliflər barədə Modern.az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev gecə klublarının bağlanmasının əleyhinədir. Onun fikrincə, belə addım heç bir müsbət nəticə verməyəcək:
“Cinayət qanunvericiliyində “səbəbli əlaqə” deyilən anlayış var. Hadisələrin baş verməsi ilə əlaqədar məqamları gələcəkdə aradan qaldırmaq mütləqdir. Düzdür, gecə klublarına azyaşlıların daxil olması məqbul hadisə deyil. Bu, yeniyetmələrin həyat tərzinə, psixologiyasına, xarakterinə pis təsir edir. Amma məsələyə qanuni tərəfdən baxanda, Azərbaycan hüquqi-demokratik dövlətdir. Həmin klublar qanunla fəaliyyət göstərirlər. Onlar müəyyən razılaşdırılmış lisenziya alırlar, buna uyğun fəaliyyətini qurmalıdırlar.
Qeyri-qanuni fəaliyyət göstərən gecə klubları da var. Həmin klublar hüquq-mühafizə orqaları tərəfindən ifşa olunur, zaman-zaman müəyyən tədbirlər görülür. Bəziləri təklif edir ki, gecə klublarını ümumiyyətlə ləğv etmək, bağlamaq lazımdır. Bu, qanunazidd hərəkətdir. Əgər qanun fəaliyyətinə icazə verirsə, klublar öz fəaliyyətlərini qanunla tənzimləyirlərsə, niyə bağlanmalıdır? Hər hansı cinayətin, qanunsuzluğun qarşısını almaq üçün cəzaları sərtləşdirməyin o qədər də effekti olmur. Başqa sivil tədbirlər görmək lazımdır”.
M.Hacıyevin fikrincə, gecə klublarının fəaliyyətinə, yeniyetmələrin orada vaxt keçirməsinə ciddi nəzarət etməklə, məktəblərdə təlim-tərbiyə azaltmaqla belə hadisələri azaltmaq olar:
“Qeyri-qanuni fəaliyyət göstərənləri bağlayın, cinayət işi qaldırın, bu öz yerində. Nəzarət etmək, kompleks tədbirlərlə yeniyetmələrin klublara getməsinin qarşısını almaq lazımdır. Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, icra hakimiyyətləri birlikdə tədbirlər həyata keçirməlidir. Nazirlik maarifləndirmə aparmalı, məktəblərdə nəzarəti təmin etməli, profilaktik tədbirlər görməlidir. İcra hakimiyyəti isə nəzarət işlərini tək polisin üzərinə yıxmamalıdır. Bir bina tikilən kimi icra nümayəndələri ora tökülürlər. Halbuki, azyaşlılar kütləvi şəkildə gecə klublarına, internet-kafelərə gedəndə, səhərə qədər o məkanlarda vaxt keçirəndə heç kim qarışmır.
Bir də görürsən deputatlar müzakirə edirlər. 3-5 deputat birbaşa deyəcək ki, gecə klublarını bağlayın. Halbuki, bunu iddia edən adamların qanunvericilikdən xəbəri olsa, belə təklif etməz. İnanın, gecə klublarını bağlasalar, yeniyetmələrin inzibati xətaları, cinayət işləri azalmayacaq, əksinə artacaq. Oğurluqlar, narkotika, dələduzluqlar çoxlacaq. İnternet klubları misal çəkdim. İcra hakimiyyətləri niyə nəzarət etmir ki, gecə saat 3-də 12-13 yaşlı gənc internet-klubda neynir? Nə vacibdir ki, kompüter otaqları gecə 2-3-ə qədər açıq olsun. Saat 10-da bağlamaq olar”.