Heç kimə sirr deyil ki, ölkədə dövlət tərəfindən gənclər və idman sahəsinə kifayət qədər böyük diqqət ayrılır. Prezident İlham Əliyev bu sahəni prioritet elan edərək yüksək səviyyədə inkişafına nail olmuşdur. Dünyanın heç bir ölkəsində Azərbaycan prezidenti qədər idmana və gənclərə bu dərəcədə diqqət ayrılmasının şahidi ola bilmərik. Təəssüflər olsun ki, prezidentin etimadından sui-istifadə edərək, dövlət tərəfindən bu sahələrin inkişafına ayrılan külli-miqdarda vəsaitlər işbazlar tərəfindən vəhşicəsinə dağıdılır və buna görə də idmanın bir çox sahələrində tənəzzülün şahidi oluruq. Bir çox idman federasiyaları dövlət tərəfindən ayrılan vəsaitləri təyinatı üzrə xərcləyərək böyük qələbələrə imza atsalar da Azərbaycan Qılıncoynatma Federasiyasına bunu aid etmək mümkün deyil. Xatırladaq ki, federasiyanın prezidenti Nazim İbrahimovdur. Bu həmin Nazim İbrahimovdur ki, onun adı ölkə mətbuatında müxtəlif qalmaqallarda və yeyintilərdə hallanır. Qılıncoynatma Federasiyasının vitse-prezidenti 83 yaşlı Yaşar Məmmədov isə öz əməlləri ilə prezidentindən heç də geridə qalmır. Redaksiyamıza təqdim olunan sənədlərdə Qılıncoynatma Federasiyasında baş verən neqativ hallar əksini tapır. Burada baş verən özbaşınalıqların və qanunsuzluqların həcmi o qədər böyükdür ki, onu bir yazıya sığışdırmaq mümkün deyil. Ona görə də hələlik baş verənlərin az bir qisminə toxunmaq istəyirik.
1. Azərbaycan Gənclər və İdman Nazirliyinə yarışa göndəriləcək idmançıların siyahısını Yaşar Məmmədov Nazim Məmmədovun məlumatı olmadan özü imzalayır.
2. 2016-cı ildə qadınlar arasında Bakı Çempionatının qalibinin Avropa çempionatına göndəriləcəyi barədə məlumat verilsə də çempionatda 2-ci yer tutmuş idmançı yarışa göndərilib.
3. Dörd ildir ki, yeniyetmələr və gənclər arasında yarışlara bütün növlər üzrə idmançılar göndərildiyi halda, şpaqa qızlar göndərilmir.
4. 2016-cı ilin qadınlar arasında Bakı və Azərbaycan Çempionatının qalibi həmin yaş kateqoriyası üzrə Milli yığma komandanın üzvlüyünə salınmamışdır.
5. Milli yığma komandanın üzvlüyünə 2016-cı ildə Bakı çempionatında 8-liyə düşmüş, Respublika çempionatında iştirak etməmiş idmançı salınmışdır.
6. Bu ilin iyun ayında keçiriləcək Avropa Çempionatına göndərilən idmançıların siyahısına nə keçən ilin şəhər və respublika çempionu, nə də ki, klubumuzun üzvü olan digər iki idmançılar salınmamışdır.
Qeyd etdiklərimiz bu federasiyada baş verənlərin çox cüzi bir hissəsidir. Federasiyanın prezidenti Nazim İbrahimovun, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun bu məsələlərdən xəbərdar olmaması inandırıcı görünmür. Belə çıxır ki, hər iki mötəbər şəxs ya mənimsənilən pullara ortaqdır, ya da işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Nəticədə uduzan idmanımız olur. Bununla pararlel olaraq prezident İlham Əliyevin idman və gənclər siyasətinə ciddi zərbə dəyir.
Bu və digər sualarımızı cavablandırmaq üçün yazıda adı çəkilən tərəflərdən biri olan Qlıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovla telefon əlaqəsi yaratdıq və qarşı tərəf kimi mövqeyini öyrənməyə cəhd etdik. Əvvəlcə yazılanların həqiqətə uyğun olmadığını uzun-uzadı bizə izah etməyə çalışan “qocaman” vitse-prezident sonradan şikayət edənlərin ünvanına söylədiyi söyüşlə bizi təəccübləndirməyi bacardı. Onun ifadələrini etikadan kənar olsa da oxucularımızdan dönə-dönə üzr istəyərək olduğu kimi qeyd edirik: “O şikayəti yazanlar p.. yeyirlər”. Çoxsaylı oxucularımızdan və idman ictimaiyyətindən elementar danışıq qabiliyyəti olmayan, əxlaqında ciddi qüsurlar olan 83 yaşlı qocanın hərəkət və davranışlarına qiymət verməyi xahiş edirik.
Gələn məqaləmizdə Qılıncoynatma Federasiyasının hesabat-seçki iclası üçün nəzarət-təftiş komisiyasının hazırladığı hesabatla tanış ola biləcəksiniz. Həmin hesabatda mənimsənilmiş 192.500 ABŞ dolları və 387 min AZN məbləğində vəsaitin haraya və necə xərclənməsi barədə ətraflı məlumat verməyə çalışacağıq.
Mövzu ilə bağlı məqalədə adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
vediinfo.az