Sumqayıt Dövlət Texniki Kollecində “yığım mövsümü” - İTTİHAM
Azia.az bildirir ki, Qış imtahan sesiyasının başlaması ilə orta ixtisas və ali məktəblərdən daxil olan şikayətlərin intensivliyi də artmaqdadır. Rüşvətin tüğyan etdiyi və tələbələrin daha çox narazılıq etdiyi belə müəssisələrdən biri də Sumqayıt Dövlət Texniki Kollecidir. Şikayətlərin mahiyyətinə və konkret ittihamlara keçməzdən öncə isə bu yəhsil ocağı ilə bağlı bəzi zəruri informasiyaları diqqətinizə çatdıraq.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr mütəxəssislərinin hazırlanmasını həyata keçirən tədris müəssisisədir. Sumqayıt Dövlət Texniki Kolleci 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmışdır. Müəssisənin ilk adı Sumqayıt Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya Texnologiya Texnikumu olmuş, 1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli 168 saylı sərəncamı ilə təsdiq edilmiş"Azərbaycan Respublikasının Təhsil sahəsində islahat Proqram"na əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sentyabr 2002-ci il tarixli 878 saylı əmri ilə "Sumqayıt Texnologiya Texnikumu "nun adı dəyişdirilib "Sumqayıt Dövlət Texniki Kolleci" adlandırılmışdır. Uzun illərdir ki, adəçəkilən kollecə Mətanət Rirquliyeva rəhbərlik edir.
Redaksiyamza daxil olan şikayətlərin mahiyyətinə gəlincə isə qeyd edək ki, burada hər şeyin yalnız pulla həll olunduğu bildirilir. Belə ki, burada bir imtahanın qiyməti 50 manatdan az deyil. Sumqayıt Dövlət Texniki Kollecində olan mənbənin söylədiyinə görə, burada “açıq bazar sistemi” yaradılmışdır:
“Kollecin direktoru Mətanət Pirquliyeva bütün işləri kollecdəki etibarlı adamlarının əli ilə həyata keçirir. Burada rüşvət bir növ mərkəzləşdirilib. Mərkəzləşmiş qaydada hər qrupdan bir tələbə üçün 350 manatdan yığılan pul şöbə müdirinə verilir. Kollecdə tələbələrə “oxuyan qiymət alır” sözləri deyilsə də, imtahan zamanı yaxşı cavab verənlərdən də pul istənilir. Bu dəfə onlara “özün üçün oxuyursan, mənə nə?” sözləri deyilir”.
Daxil olan məlumatlarda qeyd olunur ki, bu kollecdə təhsil alan tələbələr yalnız 1-ci semestr oxuyurlar. Biliyə qiymətin olmadığını gördükdən sonra özlərini oxumaqla yormamağı üstün tutan tələbələr növbəti semestrlərdə sadəcə tələb edilən məbləği verirlər. Məsələ təkcə bunula da bitmir. Sumqayıt Dövlət Texniki Kollecində qrup nümayəndəsi qoyulmaq üçün də pul tələb olunur. Qiyməti 400-500 manatdır. Həmçinin mənbələr bildirirlər ki, kollecdə tələbələr 3 növdə təqaüd alırlar: əlaçı, zərbəçi və adi. Bu yerləri tutan tələbələr şöbə müdirlərinə müxtəlif məbləğdə pul verirlər. Təbii ki, əlaçı və zərbəçi olmaq 250 manatdan baha başa gəlir. Kollecdə tədris hissəsində baş verən neqativ hallar da diqqəti cəlb edir. Qrup jurnallarında müəllimlərin apadığı qaralamalar, dərsə gecikmə, mövzu-təqvim planının düzgün işlənməməsi kimi xətalar artıq çoxdan adi hala çevrilmişdir. Bundan başqa isə Mətanət Pirquliyevanın rəhbərlik etdiyi kollecdə “aylığa çıxmaq” təcrübəsi də tətbiq olunur ki, bu iş də yalnız direktorun öz şəxsi nəzarətindədir…
Rubrika.az sonda xatırladır ki, yuxarıda qeyd olunanlar daxil olan şikayətlərin yalnız bir qismidir. Lakin qarşı tərəflə əlaqə qurmaq cəhdlərimiz baş tutmadı. Şikayətlərdə elə məqamlar var ki, biz onları qarşı tərəfin mövqeyini öyrənmədən işıqlandırmağı doğru saymadıq. Odur ki, yaxın günlərdə ittihamlarla bağlı kollecin rəhbərliyinin mövqeyini öyrənməyə çalışacaq və mövzuya yenidən qayıdacağıq.