Bu ölkənin sabiq prezidentinə bəraət verilib
Xəbər verilir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.
Prokurorluğun iddiasına görə, Yun Sok Yol sabiq Baş nazir Han Dok Sunun işi üzrə ifadə verərkən 2024-cü ilin dekabrında hərbi vəziyyətin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin tam tərkibdə iclasını keçirməyi planlaşdırdığı barədə yalan danışıb.
İttiham tərəfi sabiq prezidentin iclasa yalnız altı naziri çağırdığını, digər nazirlərin isə zəruri kvorumun təmin edilməsi məqsədilə Han Dok Sunun təklifi ilə dəvət olunduğunu iddia edib.
Ali Məhkəmə prokurorluğun sabiq prezidentin təqsirini sübuta yetirəcək inandırıcı dəlillər təqdim etmədiyini bildirib. Hakimlər təqsirsizlik prezumpsiyasına əsasən, mövcud şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, yalan ifadə vermə işi hərbi vəziyyətin tətbiqi ilə bağlı hadisələrdən sonra Yun Sok Yol barəsində açılmış səkkiz cinayət işindən biridir.
Bu ilin iyulunda Ali Məhkəmə sabiq prezidenti həbsinə mane olmaq ittihamı üzrə yeddi il müddətinə azadlıqdan məhrum edib. Fevralda isə birinci instansiya məhkəməsi dövlət quruluşuna qarşı qiyam cəhdinə görə ona ömürlük həbs cəzası verib.
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi 2025-ci ilin yazında Yun Sok Yolun Konstitusiyanı pozaraq hərbi vəziyyət elan etdiyi barədə qərar çıxarıb.