azia.az
azia.az

“Kənd məktəblərində müəllim çatışmazlığı ciddi problemdir” -ELŞƏN QAFAROV

Bu gün, 12:42

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, kənd məktəblərində müəllim çatışmazlığı müşahidə olunur.

Nazir xüsusən musiqi və təsviri incəsənət fənləri üzrə vəziyyətin daha ciddi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əslində müəllimlər var, sadəcə kənd məktəblərində dərs saatlarının az olması səbəbindən orada çalışmaq müəllimlər üçün iqtisadi cəhətdən sərfəli deyil. Buna görə belə məktəblərə peşəkar müəllim göndərmək çətinləşir.

Mövzu ilə bağlı  Gununsesi.info-ya danışan təhsil eksperti Elşən Qafarov hesab edir ki, Emin Əmrullayevin fikirləri həqiqəti əks etdirmir:

“Artıq illərlə kənd məktəblərində 5–6 saat dərs yüklənməsi ilə bağlı yüzlərlə, minlərlə müəllimlərimiz var. Amma 2025-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində, nazirin də qeyd etdiyi kimi, təsviri incəsənət, musiqi və texnologiya vakansiyaları gizlədildi. Vakansiyalar əvvəlcədən siyahıdan çıxarıldı və regional təhsil idarələrinə göstəriş verildi ki, musiqi, təsviri incəsənət və texnologiya fənləri vakansiyaya daxil edilməsin. Bu isə birləşən məktəblərlə bağlı məsələlərlə əlaqədar həyata keçirilib. Hələ tam olaraq planlaşdırılmayıb ki, hansı məktəblər birləşdiriləcək. Ümumiyyətlə, elm və təhsil sahəsində bütün fəaliyyətin plansız həyata keçirilməsi artıq adi hal alıb. Müəllim çatışmazlığı ən çox kənd məktəblərində yalnız musiqi, nəğmə və texnologiya fənlərində deyil, eyni zamanda fizika, kimya, biologiya və coğrafiya fənlərində də müşahidə olunur.

Artıq elə bir vəziyyət yaranıb ki, nazir rabitəsiz və savadsız fikirlər səsləndirir, hər dəfə biri digərini inkar edir. Bu səbəbdən, mütəxəssis olaraq onun fikirlərinə münasibət bildirmək istəmirəm, çünki artıq qeyri-ciddi səslənirlər. Yəni vəziyyət o səviyyəyə gəlib”.

Elşən Qafarov ümumtəhsil məktəblərinə jurnallar göndərilməməsinə də toxunub:

“Ölkədə təhsil bərbad vəziyyətdədir. Artıq noyabr ayıdır, hələ də jurnallar göndərilməyib. Bakı şəhərində tətbiq edilən rəqəmsal məktəb platforması tam normal işləmir. Ciddi qüsurlar və problemlər mövcuddur. Müəllimlərin böyük bir hissəsi İKT bacarıqlarından istifadə etmir.

Baxmayaraq ki, sertifikasiya zamanı müəllimlərin İKT bacarıqları da yoxlanmalı idi və biz bunu öncədən təklif etmişdik, hələ də birləşən məktəblərdə şagirdlərin taleyi aydın deyil. Yüzlərlə məktəbdə müəllim yerləri vakansiyadır.

Ciddi problemimiz var. Ölkədə təxminən 4 300 məktəb mövcuddur. Bu məktəblərin 850-də direktor vəzifəsi vakantdır. Direktorların işə qəbulu üzrə müsabiqə keçirilib, lakin cəmi 200 yer üzrə nəticə əldə olunub. Yəni, məktəblərin dörddə birində belə vakansiya doldurulmayıb. Hər dörd məktəbdən birində isə müavinlərdən ən azı biri mövcud deyil.

Ölkədə təhsil o qədər xaotik və idarə olunmaz vəziyyətdədir ki, bu problemlərin içərisində vəziyyəti ört-basdır etmək üçün Elm və Təhsil naziri müəllimlərin iş saatı ilə bağlı fikrini 2027-ci ildə tətbiq etmək niyyətini artıq ortaya atıb. Nəticədə bütün mətbuat, sosial şəbəkələr və cəmiyyət müəllimlərin iş vaxtı məsələsini müzakirə edir. Əslində isə məqsəd təhsildəki ciddi nöqsanları ört-basdır etmək və ictimai müzakirəni yayındırmaqdır”.

Ekspert vurğulayıb ki, bu məsələlərə fərqli yanaşmaq üçün artıq Dövlət Təhsil Nazirliyində kadr dəyişikliyi aparmaq lazımdır:

“Məsələnin digər tərəfi isə ucqar, yəni kənd məktəblərində işləyən müəllimlərin sosial müdafiəsi ilə bağlı addımların atılmasıdır. Ümumiyyətlə, Azərbaycanda müəllimlərin sosial müdafiəsini tənzimləyən qanun qəbul edilməlidir. Bu qanuna böyük ehtiyac var. Hazırda bir sıra spesifik sahələrdə çalışanların sosial müdafiəsi ilə bağlı qanunlar mövcuddur, lakin müəllimlərin sosial müdafiəsi üçün artıq ciddi qanuni tənzimləmələrə ehtiyac vardır”.

 

 

Şəbnəm Rəhimova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi