Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova və Polimer materiallarının fiziki-mexaniki tədqiqatları şöbəsinin aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Zülfira Hüseynovanın həmmüəllifi olduqları məqalə İngiltərədə nəşr olunan “Progress in Rubber, Plastics and Recycling Technology” jurnalında (2024, Volume 40, İssue 1, Pages 62-76) dərc olunub. https://doi.org/10.1177/14777606231189522.
“Some problem questions in studying the properties of dynamically vulcanized polymer systems based on ethylene/1-hexene copolymer and nitrile butadiene rubber” (“Etilen/heksen-1 birgəpolimeri və butadien nitril kauçuku əsasında dinamik vulkanlaşdırılmış polimer sistemlərinin xassələrinin öyrənilməsində bəzi problemli suallar”) adlı məqalədə müəlliflər tərəfindən kompotibilizator əlavə olunmuş etilen/heksen-1 birgəpolimeri əsasında polimer kompozisiyalarının əsas fiziki-mexaniki xassələrinə butadien nitril kauçukunun növü və miqdarının təsirinin nəticələri təqdim olunub. Butadien nitril kauçuku olaraq SKN-18, SKN-26 və SKN-40 istifadə edilib. Məqalədə nitril kauçuklarının miqdarının kompozisiyaların dartılmada axıcılıq həddi, dartılmada möhkəmlik həddi, nisbi uzanma və istiliyədavamlılıq xüsusiyyətlərinə təsiri araşdırılıb. Müəyyən edilib ki, istifadə olunan nitril butadien kauçukunun növündən asılı olmayaraq, etilen/heksen-1 birgəpolimerinin tərkibində onun miqdarının artması ilə möhkəmlik, istiliyədavamlılıq və ərintinin axıcılıq göstəricisində qanunauyğun azalma müşahidə olunur.
Qeyd edək ki, Web of Science Core Collection: Science Citation Index Expande (SCIE) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan jurnal 2.6 impakt faktora malikdir və Q2 kateqoriyasındadır.