azia.az
azia.az

Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinə həsr olunan iclas keçirilib

19-01-2024, 18:26


19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan iclası keçirilib. Tədbiri institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açıb. Əvvəlcə faciə qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun rəhbəri bildirib ki, o gecə həm Azərbaycan xalqının yetişdirdiyi qəhrəmanlar, həm ona başçılıq edənlərin kimliyi, həm də Sovet dövlətinin əsl üzü bəlli oldu. 1990-cı il 20 Yanvar hadisələrindən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq xalqımız indiyədək bu faciənin ağrı-acısını unutmur.

Sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək xalqımızın 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadığını bildirib. O qeyd edib ki, vəhşi terror aktının ən ağır cinayətlərindən biri də yanvarın 24-də baş verib. 20 Yanvar hadisələrindən sonra vətənpərvər 5 alim çalışdıqları instituta gələrkən sovet faşizminin amansızlığına tuş gəliblər. Onlardan 3-ü elm yolunda şəhid olub, 2 nəfər isə uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşub. Sağ qalan alimlərdən kimya elmləri doktoru, professor İdris Əhmədov 29 il sonra 2019-cu ilin 20 yanvarında vəfat edib. 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımız rəşadətli Milli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində tamamilə təmizlənib. İndi bütün Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Fevralın 7-də 30 ildən sonra növbədənkənar prezident seçkilərinin Qarabağda keçiriləcəyi qürurverici hadisədir. 

Daha sonra Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, Aqrokimya təyinatlı polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Əmiraslan Qaramanov, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova və başqaları 20 Yanvar faciəsinin ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu, Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının  xalqımız üçün ziyarətgaha çevrildiyini bildiriblər.  

İclasın sonunda yanvarın 20-sində Şəhidlər Xiyabanına, yanvarın 24-də isə institut əməkdaşlarının qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarətin təşkil olunmasına qərar verilib.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi