Məktəb direktoru ilə bağlı hökm ləğv edildi
Ali Məhkəmədə rüşvət almada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru Bəylər Bəylərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosedə qərar elan olunub.
Qərara əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub.
Qeyd: B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, 2017-ci ildə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktbə müəllim vəzifəsinə təyin edib.
İstintaq dövründə B.Bəylərovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma ) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov