SOCAR-ın Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tədbiri
Bakı Ali Neft Məktəbində (BANM) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qarşıdan gələn bayramlar münasibətilə kollektivi və tələbələri təbrik edərək yeni ildə uğurlar arzulayıb.
Rektor qeyd edib ki, “Şuşa ili” kimi Azərbaycan tarixinə yazılan 2022-ci il ölkəmiz və Bakı Ali Neft Məktəbi üçün uğurlu il olub. Elmar Qasımov yola salmaqda olduğumuz il ərzində Ali Məktəbin əldə etdiyi müvəffəqiyyətlərin bir qismini sadalayaraq bildirib ki, bu il də BANM fərqlənməyi bacarıb: “Bu il möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğuma görə dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm. Yola salmağa hazırlaşdığımız 2022-ci ildə cənab Prezident İlham Əliyev həmçinin BANM-in professoru Siyavuş Azakovu da “Tərəqqi” medalı ilə təltif etdi, eyni zamanda SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən də əməkdaşlarımız mükafatlandırıldı. 2022-ci ildə 31 Prezident təqadüçüsü, 19 olimpiada qalibi ilə ali məktəblər arasında liderliyimizi qoruduq. Azərbaycan ali təhsil müəssisələrinə qəbul balına görə 2 ixtisasımız ən yüksək pillədə, 4 ixtisasımız isə ilk beşlikdə yer aldı. Tələbələrimiz beynəlxalq və yerli müsabiqələrdə böyük uğurlar qazandılar. Bakıda ilk dəfə keçirilən “Teknofest 2022” Aerokosmik və Texnologiya festivalında ən çox komanda ilə təmsil olunaraq 2-si birinci yer olmaqla, 8 mükafata layiq görüldük. Tələbələrimiz ölkəmizi Azərbaycan tarixində ilk dəfə NASA-nın müsabiqəsində təmsil etdilər. Bundan başqa, BANM tələbələri Sabah.lab, “Enactus Azərbaycan”, “Recyclaton”, “Beynəlxalq Steam Azərbaycan” və digər onlarla yerli və beynəlxalq yarışlarda qalib oldular. Ali Məktəbimiz bu il laboratoriyalarının sayını artırdı. İtaliyanın nəhəng “Maire Tecnimont” şirkətinin Polimer laboratoriyasının açılışı oldu, ITACA Təlim və Tədqiqat Mərkəzi istifadəyə verildi, “Huawei” İKT Akademiyası yaradıldı. Müəllimlərimiz akademik uğurlarını davam etdirərək beynəlxalq elmi jurnallarda məqalələrlə çıxış etdilər. Bunlar bir il ərzində qazandığımız uğurların sadəcə bir qismidir. Növbəti ildə də daha böyük əzmlə çalışaraq uğurlarımızı davam etdirəcəyimizə, qarşıya qoyduğumuz hədəflərimizə yüksək səviyyədə çatacağımıza əminəm”.
Tədbirdə lotoreya keçirilərək əməkdaşlar mükafatlandırıldı. Sonra bədii hissə “Merry Band” qrupunun ifası ilə davam etdirildi.