31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə MEK-də tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
MEK-in baş direktoru, professor Məmməd Əliyev tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib. Alim, bu əlamətdar günün milli birlik, torpağa sədaqət və məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyini bildirib. Baş direktor dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu günün təsis edildiyini, yorulmaz fəaliyyəti ilə Ulu Öndər siyasi fəlsəfəsinin, onun liderlik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədəki uğurlu xidmətlərini nəzərə çatdırıb. “44 günlük Vətən müharibəsi dövründə nəinki ölkədə, hətta ölkə hüdudlarından kənarda yaşayan Azərbaycanlıların həmrəyliyinə, Azərbaycan xalqının yumruq kimi birləşərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinə şahid olduq”-deyə, baş direktor bildirib.
Daha sonra 2021-ci ildə Mərkəzi Elmi Kitabxananın elmi-ictimai həyatında fəal iştirakına, göstərdiyi yüksək peşəkarlığa və əldə etdiyi nailiyyətlərinə görə fərqlənən bir qrup MEK əməkdaşına “Təşəkkürnamə”lər təqdim edilib.
Dəyərli kitablardan hazırlanmış yolka iştirakçıların marağına səbəb olub.
Sonra tədbir bədii hissə ilə davam edib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]