DİM-in bir səhvi: texniki, yoxsa təhlükəli... - NƏ BAŞ VERİR?
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 3-də keçirilmiş buraxılış imtahanı barədə imtahan iştirakçılarına göndərdiyi SMS bildirişdə imtahanın keçirilmə vaxtı yanlış göstərilib. Bu barədə sosial mediada paylaşılmış ekran görüntülərindən məlum olur ki, imtahanın keçirilmə vaxtı 03.04.2021-ci il göstərilib.
Bu cür texniki xətaların yolverilməz olduğunu deyən və DİM-in xətasını tənqid edənlər də var. Bu müzakirələrin fonunda imtahan nəticələrinin yoxlanılmasındakı şəffaflıq da şübhə altına alınıb. Dia.az-ın məlumatına görə, bununla bağlı AYNA-nın DİM-ə ünvanaldığı sorğuya cavab olaraq bildirilib ki, bu, imtahanda iştirak etmək istəməyənlər üçün sadəcə bəhanə ola bilər: “İmtahanda iştirak etmək istəyən əvvəlcədən qeydiyyatdan keçir və 1 həftə-10 gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap edib imtahana gedir. Məsələ bu qədər sadədir. SMS buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada da vərəqi çap etmək üçün link yerləşdirilib. Kimlər imtahana getmək istəyirsə, linkə daxil olub buraxılış vərəqəsini çap edir, iştirak etmək istəməyənlər üçün isə bu, sadəcə bir bəhanə ola bilər”.
Bu məsələnin DİM-in imtahan cavablarını yoxlamasındakı dəqiqliyini şübhə altına almasına isə qurumun cavabı belə olub: “Yazı işləri və yazı işlərinin yoxlanılması barədə suallara yaxın günlərdə canlı yayımda cavab verəcəyik”.
Mövzu ilə bağlı AYNA-ya danışan təhsil eksperti Adil Vəliyev bu qənaətdədir ki, belə səhvlər imtahan iştirakçılarına təsirsiz ötüşməyə bilməz: “Bir neçə gün öncə abituriyentlər mənə DİM tərəfindən gələn SMS bildirişi göstərdilər. 03.04.2022 tarixində olacaq imtahanın ili 2021 qeyd edilmişdi. Düşünə bilirsinizmi, bu cür səhv minlərlə gəncin imtahanda iştirak etməməsinə və onların gələcək həyatına birbaşa təsir edə bilər. SMS-i gördükdə bildirdim ki, mütləq şəkildə linkə daxil olub imtahan buraxılış vərəqəsinə də baxsınlar, texniki səhv ola bilər”.
İmtahan nəticələrinin yoxlanılması zamanı da xətalara yol verilməsi ehtimalına qaldıqda isə ekspertin fikrincə, belə xətaların yoxlama prosesindəki şəffaflığı şübhə altına almasını təbii qəbul etmək lazımdır: “Dediyim kimi texniki səhv idi, ancaq bir rəqəmin belə, minlərlə gəncin gələcəyinə təsir edəcəyini düşünsək, ortaya ikinci bir sual çıxır: marker müəllimlərin açıq tipli sualları yoxlamasında nə qədər ciddilik var? Nəzərə almaq lazımdır ki, hər abituriyent bir fərddir, şəxsdir və onların qiymətləndirmədə hansısa fənn üzrə balı aşağı yazması o abituriyentlərin gələcək həyatına birbaşa təsir edir. Nəticədə o gənclər intihara, yaxud hər hansı bədbəxt hadisəyə sürüklənə bilərlər. Belə olan halda o müəllimlərin və onların vasitəsilə də DİM-in şəffaflığına xələl gəlir”.
“Yoxlama prosesi ilə bağlı başqa bir problem də var. Məsələn, DİM-in sınağından, müəyyən təlimlərdən keçən bir fənn müəllimi həmin fənn üzrə nə qədər çox sual yoxlasa, o qədər çox qazanır. Nəticədə yoxlama zamanı həmin şəxs bütün diqqətini buraya cəmləməkdə çətinlik çəkə bilər. Daha çox qazanc olduğu üçün tez-tez yoxlanış edilə və nəticədə gözdən nə isə qaça bilər. Bu da çox absurd bir yoxlama prosesidir, nəticəsi abituriyentin gələcək həyatına təsir göstərir”, - deyə Vəliyev vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə məsələ ilə bağlı AYNA-ya şərhində bunun texniki bir səhv olduğunu və bu qədər müzakirə edilib şişirdilməsinə gərək duymadığını söyləyib: “Hesab edirəm, texniki səhvdir. Yaxşı olardı ki, belə bir səhv olmasın, DİM-in əməkdaşları daha diqqətli olsunlar. Çalışmalıdırlar ki, belə səhvlər olmasın. Bu cür hallar olduqda narazılıqla qarşılanır, müxtəlif müzakirələr aparılır. Lakin yazı elə bir məsələdir ki, zaman-zaman bu cür texniki səhvlərin olması istisna edilmir”.
“Amma hesab edirəm ki, bu məsələni böyütməyin, geniş şəkildə müzakirə etməyin ümumi prosesə heç bir xeyri yoxdur. Nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzinin işi çoxdur, yükü ağırdır. Müxtəlif istiqamətlərdə imtahanlar keçirirlər. İşin çoxluğunu, yükün ağırlığını nəzərə aldıqda və ümumi baxdıqda bu qurumun öz üzərinə götürdüyü yükün öhdəsindən gəlməyə, obyektiv, şəffaf iş aparılmasına çalışdığını görürük”, - deyə deputat qeyd edib.
Belə texniki səhvlərin DİM-in imtahan nəticələrini yoxlama prosesindəki fəaliyyətində dəqiqliyini şübhə altına alması barədə fikirlərə münasibət bildirən müsahibimiz bu cür hallarda səsləndirilən bir çox fikirlərin subyektiv yanaşma olduğunu düşünür: “Test imtahanlarından əvvəl ali məktəblərə qəbul prosesinin necə keçirilməsini yaxşı xatırlayırıq. Çox ciddi problemlər, rüşvət, qeyri-obyektivllik var idi. İndi isə kiminsə imtahan nəticələrinin qeyri-obyektiv yoxlanması barədə narazılığına demək olar ki, rast gəlmirik. İzləyirəm, komissiyanın fəaliyyəti ilə bağlı bəzən gəlişi-gedişi gözəl fikirlər səsləndirilir".
Milli Məclis üzvü hesab edir ki, hazırkı durumda Azərbaycanda reallıqlar nəzərə alınmaqla ali məktəbə qəbulla bağlı ən şəffaf, ədalətli sistem qurulub: "Ona görə də bir xırda səhvdə qurumun fəaliyyətini tənqid hədəfinə çevirməyi düzgün hesab etmirəm. Obyektiv yanaşsaq görərik ki, DİM bu müddət ərzində kifayət qədər əmək qoyaraq şəffaf imtahanlar həyata keçirib”.
“İmtahanların qiymətini mən də yüksək hesab edirəm. Bu məsələyə baxıla bilər. Amma bütovlükdə qurumun fəaliyyətini tənqid hədəfinə çevirməyin əleyhinəyəm. Belə səhvlərin olmaması daha yaxşı olardı, amma iş, yazı olan yerdə səhvlər də ola bilər. Əgər bu, çox ciddi bir səhv deyilsə, hesab edirəm ki, çox da böyütməyə ehtiyac yoxdur. Bizi daha çox nəticə maraqlandırmalı, hədəfə baxmalıyıq. Bu gün övladlarımız ədalətli formada, obyektiv imtahanlarla ali məktəblərə qəbul olunurlar”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.
Mənbə:My Webpage