MEK-də kitabxanaçılar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən əlavə peşə təhsili (ixtisasartırma) təlimləri başa çatıb.
Kitabxanaçıların peşəkar fəaliyyətinin artırılması məqsədilə təşkil olunan təlimlər iki həftə müddətinə davam edib.
Təlimin yekununda, AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev elmi tədqiqat institutlarının əməkdaşları ilə görüşüb. Görüş əsnasında, Mərkəzi Elmi Kitabxananın İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədindən, müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıların ətraflı şəkildə məlumatlandırılmasından, yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri biliklərin artırılmasından, kitabxana-informasiya xidmətinin təşkilindən, forma və xüsusiyyətlərini onlara aşılamaqdan söhbət açılıb.
Qeyd edək ki, kitabxanaçılar təlim müddəti İnformasiya texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində təcrübə keçiblər. Şöbənin elektron kitabxana xidmətləri, elmmetrik tədqiqatlar, antiplagiat və DOİ xidmətləri sektorları haqqında məlumatlanıblar. Həmçinin iştirakçılar MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, eləcə də Repraqrafiya şöbələri, Qarabağ müharibəsi qəhrəmanları, Şərqşünaslıq, eyni zamanda Nadir və qiymətli nəşrlər fondları ilə də yaxından tanış olub, iş fəaliyyətini mənimsəyiblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub və MEK tərəfindən böyük şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elmi redaktoru, professor Məmməd Əliyev və tərtibçi-müəllifi Səyyarə Məmmədova olan “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait hədiyyə edilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)