MEK tərəfindən “Nizami Gəncəvi İli”nə daha bir layiqli töhfə
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsaiti yenicə işıq üzü görüb. Nəşrin elmi redaktoru AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev, ixtisas redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, rəyçiləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva və Bakı Dövlət Universiteti Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılovadır.
Elm nəşriyyatı tərəfindən 92 səhifədən ibarət nəfis tərtibatla çap edilən metodik vəsaitdə, AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilir. Həmçinin vəsaitdə Nizami Gəncəvi “Xəmsə”sinin dünya kitabxanalarında saxlanılan əlyazmalarına dair materiallar toplanıb. Kitabın əhəmiyyətli tərəflərindən biri də, Azərbaycanda nizamişünaslığın inkişafında əhəmiyyətli rol oynayan alimlərin əsərləri haqqında biblioqrafik məlumatların verilməsidir. Təqdim olunan metodik vəsait Nizami Gəncəvi irsinin təbliği və tədqiqi ilə məşğul olan kitabxanaçılar və oxucular üçün nəzərdə tutulub.
Müəllifin "Nizami Gəncəvi İli"nə layiqli töhfəsi olan, oxucuların marağına uyğun şəkildə tərtib edilən sözügedən metodik vəsaiti arzu edənlər MEK-dən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvinin bu il anadan olmasının 880 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilib.
Məlumat üçün onu da vurğalayaq ki, “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait MEK tərəfindən e-kataloqa daxil edilib.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]