BDU-da yüksək təhsil haqqı, bəs təhsil? - Açıqlama
Abituriyent-4 jurnalının son buraxılışında göstərilir ki, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində ödənişli əsaslarla təhsil alacaq bakalavrlar bu ildən etibarən 2400 manat ödəməlidirlər. Bu isə 4 il ərzində 1 tələbə üçün 9600 manat edir.
BDU-nun mətbuat katibi Günel Orucəliyeva Azia.az-a açıqlamasında bildirib ki, BDU-da bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı, eyni zamanda dövlət sifarişi və ödənişli əsaslarla təhsil alanların illik təhsil haqlarının məbləği Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilərək təsdiq edilir.
Bəs 4 il ərzində yüksək təhsil haqqının qarşılığında BDU yüksək keyfiyyətli jurnalist təhsili verirmi?
Bununla bağlı saytımıza fikirlərini bölüşən tanınmış media eksperti Zeynal Məmmədli jurnalistikada nəzəriyyənin praktika ilə sıx bağlı olduğunu deyib:
“Təhsil haqqı və təhsilin keyfiyyəti arasında uyarlılıq çox ciddi məsələdir. Bizdə bunun güdüldüyünü düşünmürəm. Müəllimlər mediada harada çalışıb, onların hansı uğurları var və təlim özəllikləri necədir? Demokratik media konsepsiyasına nə dərəcədə yiyələniblər? Medianın fəlsəfəsini hansı səviyyədə anlayırlar? Bunun kimi cavabını tapmayan çox suallar var. Hələ bu gülünc inşa sınaqlarını demirəm. Məsələn, götürün Gürcüstan universitetlərindən birini, müəllim heyətinin özəllikləri, tədris planı, təhsil haqqı baxımından BDU-nun jurnalistikası ilə müqayisə edin. Bu mövzu ciddi araşdırılmalıdır”.