Elm Tarixi İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan elmi seminar keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda onlayn elmi seminar keçirib.
Elm Tarixi İnstitutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq ümummilli liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolu barədə danışıb.
M.Seyidbəyli qeyd edib ki, H.Əliyev bir dövlət başçısı kimi çox unikal bir şəxsiyyət olub, onun anandangəlmə istedadı və bacarığı siyasətdə lider kimi formalaşmasında böyük rol oynayıb. Ümummilli liderin ikinci dəfə xalq tərəfindən respublika rəhbərliyinə dəvət edilməsi ərəfəsində baş vermiş ictimai-siyasi prosesləri xarakterizə edən İnstitut direktoru bildirib ki, ölkə onun peşəkar idarəçiliyi sayəsində xaosdan qurtularaq müstəqil və sabit inkişaf yoluna qədəm qoyub. Azərbaycançılıq ideologiyasının dövlət tərəfindən dəstəklənməsi siyasətinin ulu öndər H.Əliyevin adı ilə bağlı olduğunu qeyd edən alim bildirib ki, 1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan xalqının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid dövlətçilik ətrafında birləşdirilməsi nəticəsində ölkəmizdə ümummilli birlik təmin olunub və azərbaycançılıq müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilib.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə, nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirib, eləcə də bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoyub. Heydər Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti və bu siyasətin əsasında dayanan azərbaycançılıq ideyasının bu gün də cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayan M.Seyidbəyli, “gündən-günə inkişaf edən və modernləşən Azərbaycan Respublikası ulu öndərin əziz xatirəsinə ən böyük töhfədir”, – deyə fikrini tamamlayıb.
Sonra Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski “Ümummilli lider və Azərbaycanda elmin inkişafı” mövzusunda məruzəsini təqdim edib.
Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikasının qurucusu olan ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, incəsənətə, elmə yüksək qiymət və əhəmiyyət verib. E.Talışınski bildirib ki, hər bir sahədə olduğu elmin inkişafına da xüsusi töhfələr vermiş Heydər Əliyev Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə qayğı ilə yanaşıb. Məruzədə Azərbaycan elminin inkişaf mərhələsinin əsasən ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1969-cu ildən başlaması, məhz bu dövrdən etibarən ölkədə elmə xüsusi marağın artması, 70-80-ci illərdə artıq yeni elm sahələrinin, elmi istiqamətlərin yaranmağa başlaması, Heydər Əliyevin səyi və istəyi nəticəsində, xüsusilə neft-kimya, astronomiya, molekulyar biologiya, biokimya, kosmik tədqiqatlar və digər sahələrin inkişaf etməsi, 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində aparılan elmi tədqiqatların 50-dən çox nəticəsinin sovet elminin ən mühüm elmi nailiyyətləri sırasına daxil edilməsi, o cümlədən xalqımızın milli-mənəvi həyatında əlamətdar hadisə olaraq yadda qalan 10 cildlik “Azərbaycan Ensiklopediyası”nın yaradılması kimi əlamətdar məlumatlar vurğulanıb.
Sonra İnstitutun digər əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Baş elmi işçi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədov və başqaları çıxış edərək ümummilli liderin çoxtərəfli fəaliyyəti barədə danışıblar.
Çıxışlarda onun Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınmasındakı mühüm rolu, Azərbaycan diasporasının təşkil edilməsi və inkişafı, Azərbaycan Xalq Cümhuriyyəti və onun irsinin araşdırılması, öyrənilməsi, eləcə də dövlət qayğısının göstərilməsindəki xüsusi əməyi və Azərbaycan tarixinin yenidən yazılmasındakı böyük xidmətləri və digər sahələrdə əldə edilən nailiyyətlər tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.
Qeyd olunub ki, Azərbaycanın bu gün yolunu istiqlal içərisində davam etdirməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə anılacaq.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]