AMEA-da “Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda konfrans keçirilib
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan “Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafı istiqamətində göstərdiyi diqqət və qayğıdan danışıb. Alimlərimizin əməyini yüksək qiymətləndirən mərhum liderin elmə böyük etimad göstərdiyini deyən natiq akademiyanın yüksəlişində və elmin inkişafında Ulu öndərin xidmətlərindən söz açıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tarixə ekskursiya edərək müxtəlif dövrlərdə Ümummilli liderin dövlətin milli maraqlarının qorunması və milli şüurun inkişaf etdirilməsi, iqtisadi gücünün artması, ölkədə sosial-mədəni sferanın inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. Xalqımızın həyatında və tarixində müstəsna rolu olan dahi şəxsiyyətin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün məktəb olduğunu deyib.
Akademik Ulu öndərin azərbaycançılıq təlimindən bəhs edib. Azərbaycan ədəbiyyatına və ədiblərinə verilən yüksək qiymətin mərhum liderin ədəbiyyat və incəsənətin inkişafına göstərdiyi qayğının bariz nümunəsi olduğunu söyləyib.
Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə ilə çıxış edib. Akademik Azərbaycan dilinin yenidən tədqiqində, milli-mənəvi dəyərlərinin araşdırılmasında, prioritet elmi sahələrdə təqdiqatların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Ulu öndərin rolundan danışıb.
Heydər Əliyevin milli quruculuq siyasətinin əsas istiqamətlərindən birinin elm siyasəti təşkil etdiyini deyən M.Nağısoylu Ümummilli liderin ölkəmizin ən çətin dönəmlərində belə bütün maneələrə baxmayaraq, Azərbaycan dilinin qorunması və sonrakı illərdə dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı uzaqgörən addımlar atdığını vurğulayıb.
Konfransda çıxış edən AMEA Fizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Heydər Əliyevin rəhbərliyi dövrüdə ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, cəmiyyətdə alim nüfuzunun yüksəlməsi sahəsində önəmli tədbirlərin həyata keçirildiyini deyib. S.Mehdiyeva akademiyanı xalqımızın milli sərvəti kimi dəyərləndirən Ulu öndərin 1997-ci ildə AMEA-nın rəhbərliyi və bir qrup aparıcı alimləri ilə görüşündən, akademiyanın fəaliyyətinin genişləndirilməsi istiqamətində siyasətindən və elmə olan münasibətindən söz açıb.
Tədbirdə digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğur və müvəffəqiyyətlərdən, dövlətçiliyimiz yolunda xidmətlərindən, onunla bağlı xatirələrindən danışıblar.
AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti