azia.az
azia.az

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

2-12-2019, 21:44

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dekabrın 2-də AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İradə Hüseynova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının qadınlar şuralarının sədrləri iştirak ediblər.
Konfransı akademik İsa Həbibbəyli açaraq bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev həyatını xalqına, Azərbaycanın inkişafına həsr edib, bütün dövrlərdə ölkəmizin tərəqqisinə, dövlətçilik ənənələrinin qorunmasına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, milli kadrların yetişdirilməsinə çalışıb. Ulu öndərin Azərbaycanın iqtisadi, siyasi, elmi, mədəni cəhətdən güclənməsində göstərdiyi xidmətlərdən danışan akademik ümummilli liderin hələ SSRİ dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə respublikanın iqtisadi quruculuğuna xüsusi önəm verdiyini, ittifaq miqyasında nüfuzunu artırdığını deyib.
Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, 1993-cü ildə ölkənin çox ağır vəziyyətində xalqın təkidilə ulu öndər yenidən respublika rəhbərliyinə qayıdıb, qısa müddətdə ictimai asayişi bərpa edib. Qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası sayəsində vətəndaş müharibəsinin qarşısı alınıb, Azərbaycanı müasir inkişafa aparan "Əsrin müqaviləsi" imzalanıb, qısa müddətdə ölkənin gəlirləri artıb və investisiya axını başlayıb. AMEA-nın vitse-prezidenti ümummilli liderin qətiyyəti nəticəsində ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başladığını, Azərbaycanın Konstitusiyasının qəbul edildiyini, müvafiq dövlət orqanlarının formalaşdırıldığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli xidmətlərinə görə görkəmli dövlət xadiminin dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbər kimi böyük şöhrət qazandığını vurğulayıb.
Sonra akademik İradə Hüseynova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və professor Rəna Mirzəzadə çıxış edərək ulu öndərin misilsiz xidmətlərindən danışıb, onun daima elmə, təhsilə, Azərbaycan qadınının inkişafına diqqət göstərdiyini bildiriblər.
Daha sonra Toğrul Salmanzadənin ifasında "Heydər-xalqım" şeiri səsləndirilib.
Sonda "Heydər Əliyev və dövlət qadın siyasəti" filmi nümayiş etdirilib.


AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi