“Gürcüstana 83 qəpiyə sata biliriksə, niyə daxili bazarda qiymət bundan 2 dəfə bahadır” -NATİQ CƏFƏRLİ
“Azərbaycan tarixdə ilk dəfə Aİ95, yəni premium markalı benzin ixrac edib. Bu il Gürcüstana 4 196 ton premium benzin satılıb. Bu ixracın ümumi dəyəri 2 milyon 777 min ABŞ dolları təşkil edib, ixrac olunan benzinin orta qiyməti isə tonuna 662 dollar olub”.
Bunu iqtisadi ekspert Natiq Cəfərli deyib.
O, daha sonra əlavə edib:
“Bura qədər yaxşıdı, gələk detallara: 1 ton premiumda, təqribən, 1350 litr benzin olur. Biz Gürcüstana 1 litr benzini 0,49 dollara, yəni, litrini 83 qəpiyə satmışıq. Anlayıram ki, topdansatış qiymətləri fərqli olur, onu da bilirəm ki, Gürcüstana satsaq da, faktiki, “SOCAR Georgia” alıb, o da məlumdur ki, SOCAR-ın Gürcüstanda yanacaqdoldurma şəbəkəsi var, o şəbəkədə premium benzinin satış qiyməti litri 1,11 dollardır – amma, yaxşı, Gürcüstana 83 qəpiyə sata biliriksə, niyə daxili bazarda qiymət bundan 2 dəfə baha, 1 manat 60 qəpik olmalıdır?! Bundan başqa, 1 barrel neftin qiyməti 60 dollara düşüb, qiymət 80-90 dollar olanda da bizdə premium 1,60 manat idi, indi də eyni qiymətədir, belə “bazar” olar?!
Məsələn, elə həmin Gürcüstanda 2024-cü ilin oktyabrı ilə müqaisədə, bu ilin oktyabrında premium benzinin qiyməti dollar ifadəsində 9%-ə yaxın UCUZLAŞIB.
Hökumət elan eləmişdi ki, bizdə premium benzini daha Tarif Şurası tənzimləmir, dəyəri bazar iqtisadiyyatı qaydaları, rəqabət müəyyən edəcək. Budur rəqabət?! Gürcüstana 83 qəpik, öz əhalimizə 1 manat 60 qəpik?! Niyə?!”