MEK “Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər” mövzusunda tədbir keçirib
Azia.az-a verilən məlumata görə:Tədbirdə Berlin Humboldt Universitetinin professoru Klaudia Luks (Claudia Lux), Prezident Administrasiyası, respublikanın aparıcı kitabxanaları, ali məktəblərin kitabxanaları və digər təşkilatların nümayəndələri iştirak ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova “Mərkəzi Elmi Kitabxananın strateji hədəfləri və tətbiqi fəaliyyəti” mövzusunda çıxış edib. Dəyirmi masanın məqsədinin müasir kitabxana-informasiya çağırışlarını və trendlərini müzakirə etmək olduğunu bildirən L.İmanova MEK-in 2015-ci ildə müəyyən edilmiş məramı və strateji hədəflərinin icrasına dair məlumat verib. Kitabxanalar üçün bir vaxtlar aktuallıq kəsb edən çağırışları müasir dövr ilə müqayisə edən MEK direktoru əlavə edib ki, yeni çağırışlara əsasən kitabxanalar mutləq təmsil etdikləri icmaların mərkəzinə çevrilməli, göstərilən xidmətlər ilk növbədə istifadəçilərin maraqlarını nəzərə almalıdır. MEK rəhbəri informasiyanın kiber və kontent təhlükəsizliyi, kitabxanaların elektron kataloqlarının tətbiqi sahələri, sərbəst elektron resursların formalaşdırılmasında iştirakın zəruriliyindən danışıb.
L.İmanova ölkəmizdə kitabxana-informasiya sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün elektron kataloqlaşdırmanın MARC 21 formatı əsasında qurulmasını və hazırlanan idarəetmə proqramlarının digər standartlara da cavab verməsinin vacibliyini vurğulayıb.
Sonra “Müasir kitabxana-informasiya çağırışları və trendlər” mövzusunda çıxış edən professor K.Luks bildirib ki, bu istiqamətdə çağırış və trendlər yeni texnologiyaların tətbiqi dərəcəsinə görə dəyişir. İnformasiya bazası qlobal biliklərlə genişləndikcə daha sürətli rabitəyə ehtiyac duyulur. O, qeyd edib ki, müasir dövrün tələblərinə cavab vermək istəyən kitabxana qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına malik olmalıdır. Professor çıxışında kitabxana-informasiya proseslərində yeni texnika və texnologiyaların tətbiqi məsələləri, kitabxana-informasiya xidmətinin yeni metodları, ənənəvi və elektron kitabxanada iş prosesi, müasir kitabxana-informasiya texnologiyasının əsasını təşkil edən elektron kataloqun hazırlanmasında yeni formatlar və rəqəmsallaşdırılmış kitabxana-informasiya sistemləri barədə geniş məlumat verib. Vurğulanıb ki, yeni sistemə inteqrasiya olunmaq, oxucuları informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədilə kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi kitabxananın əsas hədəflərindən olmalıdır.
Daha sonra professor K.Luks kitabxanalarda mühafizə edilən və oxucuların istifadəsinə verilən sənədlərin müəllif hüquqlarının qorunması, internet məkanında küllü sayda sənədlər arasında etibarlı, elmi informasiyanın seçilməsi və təqdim olunması kimi suallara aydınlıq gətirib. Bakı Slavyan Universiteti Kitabxanasının müdiri Səmayə Əliyeva, BDU Kitabxanasının şöbə müdiri Cəmilə Yusifova, ADA Universitet Kitabxanasının müdiri Elçin Məmmədov və digər iştirakçılar tərəfindən kitabxanalara tətbiq edilən yeni proqram formatlarının üstün cəhətləri, mövcud elektron kataloqların müasir formatlara konvertasiya imkanları, formalaşdırılan biblioqrafik məlumatların digər kitabxanalar üçün əlçatanlığı, yeni formatlara keçidin gətirdiyi üstünlük və çətinliklərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Dəyirmi masada dünya informasiya məkanına inteqrasiyanın hər bir kitabxananın maraqlarına uyğun olduğu vurğulanıb.
Tədbirdə MEK direktoru Leyla İmanova 2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nəsimi ili” elan edilməsi münasibətilə almaniyalı qonağa Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin alman dilində çap olunmuş əsərlər toplusunu hədiyyə edib. Professor K.Luks elmi məqalələrini kitabxanaya təqdim edib və MEK ilə müəllif müqaviləsi imzalayıb.
Qeyd edək ki, səfər müddətində K.Luks MEK tərəfindən hazırlanmış proqram təminatının MEK-in bütün şöbə və bölmələrinin gündəlik fəaliyyəti ilə uzlaşmasını izləyib, MEK proqram təminatını “Kitabxanalar üçün proqram təminatları” beynəlxalq portalında yerləşdirilməsini və bir neçə ölkə ilə birləşdirilmiş proqram təminatının hazırlanmasını tövsiyə edib. K.Luks həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşüb, kitabxana-informasiya sahəsində mühüm çağırışlar və yanaşmalara dair fikir mübadiləsi aparıb. Bundan başqa, professorun Azərbaycan Televiziyası, Azad Azərbaycan Televiziyası və CBC telekanallarında çıxışları təşkil edilib.
Ayəniz Abdulova