azia.az
azia.az

ALOVUN İÇİNDƏ

Bu gün, 19:46


 Hekayə 44 günlük Vətən Müharibəsində döyüş yoldaşlarını vurulmuş helikopterdən xilas edən şəhid pilot Ramiz Qasımov və digər qəhrəman pilotlara həsr olunub. 

*** 

Uşaqlar üçün ən sevimli vaxt yay günləri idi. Günəşli səhərlər çayın sahilinə yollanar, dostları ilə suya daş atar, uzun çəmənliklərdə qaçıb oynayardılar. O günlərin səsi qulaqdan getməzdi — gülüşlər, uşaq çığır-bağırları, təmiz havada uçan quşların qanad çırpıntısı… Ramiz axşam evə qayıdarkən dayanıb göyə baxardı. Uzaqdan, buludların arxasında gizlənən təyyarələrin səsi eşidilirdi. Hər dəfə qardaşına deyərdi:

 — Görəsən, bir gün mən də o təyyarəyə minib uçuş edəcəyəmmi?

 Qardaşı Elmar isə gülüb cavab verirdi:

 — Əvvəl məktəbi bitir, sonra baxarıq... 

Amma Ramiz üçün bu sadəcə uşaq arzusu deyildi. Onun ürəyində gizli bir yol xəritəsi vardı — oxumaq, öyrənmək, göylərə uçmaq, həyatın sərhədlərini aşmaq arzusu. Ramiz göylərə baxanda, sərbəstliyi və yüksəlişi xəyal edirdi. O, hərbi helikopter pilotu idi. Göylərdə həm vətənə xidmət edir, həm də öz arzularını həyata keçirirdi… 

Müharibə dövründə hər uçuş onun üçün həm vəzifə, həm də öhdəlik idi. O gün səhər hava sakit və günəşli idi. Kəndin üzərində uçarkən qəfildən helikopter titrədi. Düşmən atəşi! 

Motor uğultusu azaldı, metal sanki ağrıyla inləyirdi. Qəfil güllə səsi göyü yarıb keçdi. Qısa bir anlıq sükutdan sonra gövdə sarsıldı, alov mühərrikin içindən püskürdü. Qara tüstü göyə ucaldı.

 — Kapitan, biz yanırıq! Mühərrik sıradan çıxır! 

   – ikinci pilot çarəsiz qışqırdı.

 — Allah köməyimiz olsun! – digəri pıçıldadı. Kapitanın səsi sakit, amma qətiyyətli idi:

 — Sakit olun! Paraşütləri hazırlayın. Mən sizi xilas edəcəyəm. Helikopter kəndin üzərində idi. Aşağıda uşaqlar həyətlərdə oynayır, qadınlar səs-küyə evlərdən çıxırdılar. Onların gözləri göydə yanıb-alovlanan dəmir quşa dikilmişdi.

 — Kapitan, kəndin üstünə düşəcəyik! – ekipaj üzvlərindən biri həyəcanla dedi.

 — Əgər belə olsa, hamısı yanacaq! Kapitan dişlərini sıxdı:

 — Mən buna yol verməyəcəyəm... 

Hamınız tullanmağa hazır olun! Ekipaj üzvləri bir-bir tullanıb xilas oldular. Sonuncu çıxanda kapitanı səslədi: — Kapitan, gəl, gec olmadan sən də tullan! O yoldaşlarına son dəfə baxdı. Göy üzü qara tüstü ilə dolmuşdu. Helikopter alov içində irəliləyirdi. Kapitanın əlləri idarəetmə panelində, gözləri isə tüstü dolu göydə idi. Qapı örtüldü, içəridə təkcə alovun xışıltısı və mühərrikin uğultusu qaldı. Ramiz öz özünə pıçıldadı:

 "…İllərdir bu göylərdə uçuram... 

Mənə öyrədiblər ki, pilotun borcu təkcə dostlarını deyil, öz xalqını da qorumaqdır. Aşağıda kənd var, uşaqlar var... Mən onları alovun içinə ata 2 bilmərəm. Bəlkə də mənim ömrüm buradaca bitəcək. Amma qoy elə olsun

 — Vətən sağ olsun! Mən ölmürəm, mən torpağa qarışıram…" Kapitan son qüvvəsi ilə helikopteri kəndin üzərindən kənara çəkdi. Qəfil partlayış dağ yamacını silkələdi. Göy üzü qara tüstü ilə örtüldü. Kəndin üzərində sükut çökdü. İnsanlar təlaş içində göyə baxırdılar. O an zaman yavaşladı. Ramiz gözlərini yumdu və həyat bir lent kimi gözlərinin önündən keçdi: uşaqlıq arzuları, atasının “Qorxma, sən bacaracaqsan!” sözləri, anasının sakitcə dua etməsi, həyat yoldaşı, onun gülüşləri, övladlarının ilk addımları… Hər xoşbəxt an bir lent kimi sürətlə fırlanır, həm şirin, həm də acı xatirələrlə dolurdu. Ramizin gözləri doldu, amma üzündə sakit bir ifadə vardı. İçində anladı: “həyatdakı hər seçim və fədakarlıq insanı qəhrəman edə bilər, amma… itkisiz olmur…” Alov yavaş-yavaş səmanı qırmızı və narıncı rənglərə boyadı. Helikopter partladı, amma Ramizin qəhrəmanlığı, xatirələri və sevgisi yoldaşlarının yaddaşında, ailəsinin ürəyində və göylərdə əbədi qaldı. O gün Ramiz həm itki, həm insan həyatının dəyərini və vətən sevgisinin ağırlığını bir daha hiss etdi. Onun igidliyi yalnız yoldaşlarının danışdıqlarında deyil, həm də ailəsinin qəlbində və xalqın yaddaşında yaşayır. 


Müəllif: Leyla Fərat / yazıçı, filoloq, tərcüməçi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi