Azərbaycanda istifadəsiz torpaq sahələrinin sahibləri CƏZALANDIRILACAQ
Torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olacaq
Prezident İlham Əliyevin 2015-ci il yanvarın 27-də keçirilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.
Dəyişiklik aşağıdakı məzmundadır:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilmişdir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olması nəzərdə tutulur.