azia.az
azia.az

Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdi

9-02-2016, 11:03

Prezident tapşırdı, dövlət şirkətləri işçi götürmək üçün hərəkətə keçdi Prezident İlham Əliyevin regionların inkişafı proqramının gedişinə həsr edilmiş konfransda verdiyi göstərişə uyğun olaraq dövlət şirkətləri və səhmdar cəmiyyətləri minlərlə işçi götürmək üçün hərəkətə keçib. Heqiqet.az virtualaz.org-a istinadən xəbər verir ki, təkcə bu gün iki dövlət şirkəti üst-üstə 9000-ə yaxın işsiz vətəndaşı işlə təmin edəcəyini bəyan edib. Bunlar "Azəryolservis” ASC və SOCAR-dır.
"Azəryolservis” ASC prezident İlham Əliyevin kənd və qəsəbə yollarının tikintisinin aparılması istiqamətində tövsiyə və göstərişlərinə əsasən, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhərində və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır.
ASC-nin mətbuat xidmətindən Virtualaz.org saytına bildirilib ki, yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar "Azəryolservis” ASC-nin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya müsahibəsində şirkətin 6 mindən çox işsiz vətəndaşı 1 illik müvəqqəti işlə təmin edəcəyini açıqlayıb. N.Quliyev deyib ki, hələ ötən il regionlar üzrə aparılan geniş qazlaşma proqramının nəticəsi olaraq "Azəriqaz” İB-də 550 nəfər əlavə işçiyə tələbat yarandı və şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikamızın bütün ərazisini əhatə edən genişmiqyaslı bir layihə reallaşdırdı. "Regionlarda Məşğulluq Xidmətlərində qeydiyyatda olan şəxslər bizim mütəxəssislər tərəfindən müvafiq təlim kursları keçirilməklə imtahan verdilər və onlardan ən yüksək nəticə göstərmiş 365 nəfəri "qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə daimi işlə təmin olundu, daha 220 nəfəri isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edildi, sonradan onların da arasından yüzdən çoxu eyni ixtisas üzrə işə götürüldü”-o deyib.
SOCAR rəsmisi bildirib ki, bu dəfə regionlarda yaranmış əlavə iş həcmləri araşdırılıb və bir il müddətində həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib. Beləliklə, 6509 nəfərin işə cəlb olunması qərara alınıb. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq Nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - "Azəriqaz” İB (5196 vakant yer), "Qaz İxrac” (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib.
N.Quliyev bildirib ki, bu dəfə işə qəbul mexanizmi mexanizm fərqli olacaq. Artıq SOCAR tərəfindən ayrı-ayrı peşələr üzrə müəyyən edilmiş müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Nazirliyə təqdim olunub. Regionlardakı Məşğulluq Xidmətləri həmin peşələr üzrə müddətli vakansiyalara işə qəbul olunmaq üçün lazım gələn işçiləri müəyyənləşdirərək, şirkətin aidiyyatı strukturlarına təqdim edəcək. Müvafiq işəgötürənlər həmin namizədlərlə "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə 5 günlük kurslar keçəcək və onlarla müqavilə imzalayacaqlar.
"Burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. SOCAR-da işə qəbul prosesi əmək qanunvericiliyinə və şirkətdaxili standart və qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqələr İnsan Resursları Departamenti tərəfindən təşkil edilir və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparılır. Bu da işə qəbulda şəffaflığın təmin edilməsi ilə yanaşı peşəkar kadrların üstünlük qazanmasına imkan yaradır. Bu layihə çərçivəsində isə işə qəbul edilənlərlə müqavilə Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçiriləcək. Yəni, Məşğulluq Xidmətinin göndərişi bizim işəgötürənlər üçün əsas olacaq”.
N.Quliyev vurğulayıb ki, bu iş yerləri müvəqqəti olacaq. Ancaq belə işlərə cəlb edilənlərin bir qisminin gələcəkdə SOCAR-da daimi işlə təmin edilməsi istisna deyil.
"Gələn il proqnozlarımıza görə, 1000 nəfərə yaxın daimi işçiyə ehtiyac yaranacaq. Bu insanların imkanı olacaq ki, işlədikləri sahələrdə yaxşı təcrübə qazansınlar, özləri haqqında müsbət rəy formalaşdırsınlar və lazımi biliklərə yiyələnsinlər. Çünki, bu, bir sosial layihədir və həmin 6509 nəfər birillik işə cəlb olunacaqlar»-SOCAR rəsmisi deyib.
Xatırladaq ki, prezident İlham Əliyev çıxışında ölkədə bağlanan iş yerlərinə görə işsiz qalan vətəndaşların dövlətin diqqətində olduğunu bildirmişdi və onları işlə bağlı dövlət şirkətlərinə müraciət etməyə çağırmışdı. Hesablamalara görə ötən il ölkədə 40 minə yaxın iş yeri bağlanıb. Bağlanan iş yerləri əsasən özəl sektordadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi