Türkiyə şəhidlərinin xatirəsi Azərbaycandakı məscidlərdə anılacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, bu gün Azərbaycanın bütün məscidlərində qardaş Türkiyədə 15-16 iyul tarixlərində baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ruhuna dualar oxunacaq, cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq.
Bu barədə Lent.az-a QMİ-dən bildiirilib.
Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə dini maarifləndirmə və milli-mənəvi, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği çərçivəsində Zaqatala-Şəki bölgəsində səfərdədirlər. Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki Cümə məscidində cümə namazında iştirak edəcəklər.