Allahşükür Paşazadə şəhidlərimizin layiqli şəkildə dəfni üçün göstərişlər verib
Şəhidlərin layiqli dəfni üçün QMİ-də qərargah yaradılıb
Aprelin 4-də Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərinin iclası keçirilib.
Gün.Az QMİ-nin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, idarə sədri son günlər cəbhə xəttində baş verən hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin ruhları üçün Allahdan rəhmət diləyib.
O bildirib ki, bu günlər Azərbaycanın bütün məscidlərində şəhidlərimizin əziz xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.
Ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi hadisəsinin, dövlət başçısının xalqımızı bu münasibətlə təbrik etməsinin olduqca böyük önəm kəsb etdiyini bildirən Şeyxülislam A. Paşazadə xalqımızın bu mənəvi əhəmiyyət kəsb edən hadisədən qürur və şərəf duymalı olduğunu xüsusi vurğulayıb, dindarları haqq işimizin qələbəsi üçün dualar etməyə çağırıb:
Ali Baş Komandanın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli mövqeyini din xadimlərinin birmənalı şəkildə dəstəklədiklərini bildirən QMİ sədri həmin fikirlərin məscidlərdə, dini tədbirlərdə təbliğ olunmasının vacibliyini bildirib.
Şəhidlərimizin layiqli şəkildə dəfni və dini vacibatlarının yerinə yetirilməsi ilə bağlı QMİ-nin nəzdində aprel ayının 2-dən etibarən xüsusi komissiya-qərargahın yaradılması ilə bağlı məlumat verən Şeyxülislam A.Paşazadə paytaxtda və bölgələrdəki məscidlərə, bilavasitə qazılara, axundlara qəhrəman şəhid övladlarımızın şəninə uyğun şəkildə şəri məqamların yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin həll olunması, şəhidlərin ailələri ilə bərabər əzadarlıq və dəfn mərasimlərində iştirak etmələri tapşırılıb. İdarə rəsmiləri və yerlərdəki səlahiyyətli nümayəndələr bu işə nəzarəti həyata keçirəcəklər.
Xüsusən, Vətən övladlarının qəhrəmanlığı və doğma torpaq uğrunda, haqq işimiz yolunda canlarından keçməyə hər zaman hazır olan gənclərimizin Uca Allah və dövlət qarşısında insani və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirmələrinin şərəfi, dinimizin şəhidlərə verdiyi dəyər barədə moizələrin edilməsi barədə tövsiyələr verilib. Din xadimlərinə hər günkü moizələrində, ələlxüsus, cümə günü oxunacaq xütbələrdə bu məqamların öz yerini alması tapşırığı verilib.