Prezident Nardaranda "Rəhimə xanım" ziyarətgahında - YENİLƏNİB
Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsindəki “Rəhimə Xanım” məscid-ziyarətgah kompleksi ilə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Prezident həmçinin Nardaran qəsəbəsində sakinlərlə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib.
Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, açılışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib və bildirib ki, əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Açılışda prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verilib.
Açılışda bildirib ki, hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq, hərəkət zolaqlarının sayı isə iki olacaq. Təmir işləri zamanı su, qaz, elektrik və rabitə xətləri köçürülüb.
Sonda dövlət başçısı yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsib və yeni yolda avtomobili idarə edib.
Sonda xatirə şəkli çəkdirilib.