azia.az
azia.az

Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatı

10-04-2016, 16:09

Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatı Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatı

Respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas prioritet məsələsini infrastruktur layihələrinin həyata keçirilməsi təşkil edir. Enerjidaşıyıcılar idxal edən dövlətdən, enerjidaşıyıcı ixrac edən ölkəyə çevrilmiş Azərbaycanda Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılması regionların sosial-iqtisadi inkişafı ilə əhalinin sosial rifah halının yaxşılaşmasının təcəssümü olmaqla yanaşı sosial bərabərlik etalonudur. Ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçrilən layihələr xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların statistikasına görə hər 8 saniyədə 1 uşağın ölümünə səbəb olan həyat adlandırdığımız su tərkibinə görə insanların cəlladına da çevrilə bilər.
Bu gün respublika ərazisinin 3/4-ü Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbələrindən biri olaraq qalır. Azərbaycana bu çay vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır və hər iki dövlətin şəhərlərinin təmizlənməmiş tullantı sularının Kür çayına axıdılması onun hidrokimyəvi rejiminə və suyun keyfiyyətinə güclü təsir edir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz çayı hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan - Rusiyanın Dağıstan ərazisindən gələn Samurda da vəziyyətin yaxşı olduğunu söyləmək mümkün deyil.
Azərbaycannın daxili mənbəyi hesabına formallaşan, tarixi hadisəyə çevrilmiş Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi paytaxt sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına böyük rəvac vermişdir. Ölkəmizdə əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2007-ci il tarixli, № 2245 saylı Sərəncamını xüsusi olaraq vurğulamaq lazımdır. Kür və Araz çaylarının sularından istifadə edən Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarında əhalinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə verilmiş sərəncamın 1-ci bəndində deyilir:
- Kür və Araz çaylarının sularından istifadə edən 100 (yüz) yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 milyon manat məbləğində vəsait ayrılsın.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının sərəncamları əsasında əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2014-cü illərdə 20 rayonun 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılması nəticəsində 450 min nəfər insanın keyfiyyətli su ilə təminatı deməkdir.
Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında 06.01.2015-ci il tarixli sərəncamına əsasən Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5,0 (beş) milyon manat ayrılıb.
Bu sərəncamda müəyyən edilən 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 320 yaşayış məntəqəsində quraşdırılmış modul tipli sutəmizləyici qurğular hesabına, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcəkdir.
Ötən sayımızda “İçdiyimiz suyun tərkibi və zərəri” başlıqlı yazımızda quraşdırılmasına milyonlarla vəsait xərclənmiş Modul Tipli Stansiyaların bugünkü vəziyyəti və əhalinin içməli su ilə təminatı barədə ayrı-ayrı rayonlardakı baş verənlərlə Sizləri daha ətraflı tanış etməyi vəd etmişdik. Vədimizə sadiq qalaraq Kürdəmir və Zərdab rayonlarında gördüklərimizi qısaca olaraq nəql edim.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamına uyğun olaraq ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerinə yeirilirdi. Regionlardan verilən qeyri-rəsmi məlumatlara əsasən bu işlər qənaətbəxş hesab edilmirdi. Çünki bəzi rayonlarda sözügedən qurğular açılışdan bir müddət sonra fəaliyyətini dayandırması, həmçinin supaylayıcı məntəqələrin yerləşdirilməsi işində nöqsanlara yol verildiyi və s. kimi məlumatlar redaksiyamıza daxil olduğundan bu məsələlərə aydınlıq gətirmək məqsədilə Kürdəmir və Zərdab rayonlarına ezam olunduq.
İlk olaraq Kürdəmir rayonun Sor-Sor, Mollakənd, Qara Mahmudlu kəndlərində olduq. Yerli İcra nümayəndələri və kənd sakinlərilə söhbətimiz əsasında öyrəndik ki, quraşdırılmış supaylayıcı məntəqələrdən su qrafiklə gəlir. Gündəlik işlətdiyimiz sudan çox fərqlənir.
Həm söhbətlərimizdən öyrəndik ki, Su təmizləyici qurğular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətindədir. Nazirlik tərəfindən təyin edilmiş Rafiq adlı bir nəfər həm Kürdəmirdə, həm də Zərdab rayonunda olan qurğulara nəzarət edir, Zərdab rayonundadır. Həmsöhbətlərimizlə sağollaşıb Zərdab rayonuna getməyə qərar verdik.
Zərdab rayonu İcra Hakimiyyəti Aparıtının İctimai siyasi və humanitar məsələlər şöbəsinin Böyük mütəxəssisi Rahib müəllimin köməkliyi ilə Rafiq müəllimin mobil telefon nömrəsini əldə etdib, onunla telefon əlaqəsi yaratdıq. Gəlişimizin məqsədini bildikdən sonra bizimlə görüşməyə qərar verdi.
İlk olaraq tanış olduq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kür-Araz Su Mərkəzinin Zərdab regional istismar bölməsinin böyük mütəxəssisi Rafiq İsrafilov. Rafiq müəllim, tanışlıqdan sonra ölkə prezidenti İlham Əliyev cənablarının regionların sosial-iqtisadi inkişafı, əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində və digər sahələrdə görülən işlərdən danışdıqdan sonra bizi əyani olaraq görülən işlərlə tanış etmək üçün həmin qurğulara yerində baxmaq təklifini verdi. Razılaşdıq.
Zərdab rayonu Yeni qəsəbəsində quraşdırılmış Sutəmizləyici qurğu və supaylayıcı məntəqələrlə tanışlıqdan sonra, Zərdab rayonu Dəli Quşçu, Məmmədqasımlı, Məlikli, Qaravəlli və s. kəndlərdə Sutəmizləyici qurğulara və supaylayıcı məntəqələrə yerində baxış keçirib, hətta suyundan içdik.
Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatı
Qurğuların işinə olan marağımızı hiss edən Rafiq müəllim qısaca olaraq aşağıdakıları dedi:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin quraşdırdığı Modul tipli Sutəmizləyici qurğularda su mənbədən götürüləndən əhaliyə çatdırılana qədər qapalı sistemdə 7-18 mərhələdə təmizlənərək bulaqlara verilir. Modul tipli avadanlıqlar quraşdırılaraq bələdiyyələrin istismarına verildikdən sonra qurğuların fəaliyyətində problemlər yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2010-cu il tarixli 239 s saylı Sərəncamına əsasən qurğuların istismarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır.
Cənab Nazirimiz tərəfindən sutəmizləyicilərin istismarının təşkili, suyun keyfiyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə “Kür-Araz Su Mərkəzinin” yaradılmışdır. Mərkəzin rəhbərliyi tərəfindən qurğulara mütəmadi nəzarət olunur, nazirliyin əməkdaşları tərəfindən qurğuların fəaliyyətinin auditi keçirilir, bəzi məqamlarla bağlı yerli mütəxəssislərə müəyyən tövsiyələr verilir.
Sonda onu qeyd edim ki, sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafında aparılmış abadlıq işləri də diqqətimizdən yayınmadı.
Modul Tipli sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin digər rayonlardakı vəziyyəti barədə növbəti sayımızda Sizləri tanış edəcəyik.

Natiq Ömər
Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatı
Ölkə əhalisinin keyfiyyətli içməli su ilə təminatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi