Prezidentin son bəyanatları köklü kadr dəyişikləri mesajıdır? - QÜDRƏT HƏSƏNQULIYEV DEYİR Kİ...
ƏHD Partiyasının lideri Qüdrət Həsənquliyev “Azpolitika”ya müsahibəsində Azərbaycanda son məmur həbslərindən danışıb
Gununsesi.info bildirir ki, Qüdrət Həsənquliyev Prezidentin rayonlardakı nöqsanların mərkəzi icra hakimiyyətində rəhbər vəzifələrdə olmuş şəxslərin qanunsuz göstərişlərindən irəli gəldiyini vurğulamasının arxasında ciddi kadr dəyişikliklərinin mümkünlüyünə dair suala belə cavab verib:
“Çox istərdim ki, bunlar real islahatlar olsun. Çünki əgər ölkədə köklü islahatlar aparılmasa – yalnız məhkəmə-hüquq sahəsində deyil, eyni zamanda idarəetmədə, iqtisadiyyatda – biz cəmiyyətdə böyük dəyişikliklərə nail ola bilmərik. Azərbaycan 44 günlük müharibədən sonra əldə etdiyi beynəlxalq nüfuzu qoruyub saxlamaq istəyirsə, güclü iqtisadiyyata sahib olmalıdır. İqtisadi vəziyyətimiz pisləşdikcə dostlarımız da tədricən azalacaq. Güclü iqtisadiyyatın əsası isə idarəetmədə islahatdır. Mən bunu daim deyirəm və yenə də vurğulayıram – bizdə ifrat mərkəzləşmə mövcuddur.
Torpaqlarımız işğal altında olan dövrdə bunu qismən başa düşmək mümkün idi, amma indi bu model özünü doğrultmur, bürokratiya böyüyüb, çevik qərarlar qəbul etmək mümkün olmur və bunun nəticəsində bölgələr inkişafdan qalır. Bürokratiyanın kiçildilməsi o formada həyata keçirilməməlidir ki, adamlar işdən çıxarılıb taleyin ümidinə buraxılsın. Onların ailələri, çoxunun banklara kredit borcu var. Bu proses sistemli aparılmalıdır. Yəni, ixtisarlarla paralel olaraq iqtisadi azadlıqlar genişləndirilməli, iqtisadiyyat liberallaşdırılmalıdır ki, özəl sektor həmin insanları işlə təmin edə bilsin. Dövlət xüsusi bir proqram hazırlamalı idi”.
Elmar