azia.az
azia.az

Qərbin İranla imzalayacagı nüvə sazişi İsrail və Azərbaycana nə vəd edir?

26-08-2022, 08:45

Qərbin İranla imzalayacagı nüvə sazişi İsrail və Azərbaycana nə vəd edir?
Nəhayət,P5+1(ABŞ,Rusiya,Çin,Fransa,Birləşmiş Krallıq və Almaniya) dövlətləri və İran arasında nüvə sazişinin imzalanması istiqamətində danışıqlar yekunlaşmaqdaır.Hal-hazırda bəzi texniki məsələlər və paraqraflar ətrafında yekun məsləhətləşmələr aparılır.
Qeyd edim ki,2015-ci ildə İranla imzalanan nüvə sazişi(JCPOA) 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən faktiki olaraq aradan qaldırıldı.Hərçənd,Avropa İttifaqı dövlətləri Trampın 2018-ci ildə verdiyi qərarı müsbət qarşılamamışdılar.İndi isə Rusiyanın Ukraynada davam etdirdiyi qanlı müharibə kontekstində Aİ ölkələrinin qış aylarında qaz kondensatına və neftə ehtiyacı yaranıb.Çünki,qış aylarında Rusiyanın Avropa ölkələrinə təbii qazın ixracını kəsəcəyi mümkündür.Belə olan təqdirdə,geniş neft-kimya sənayesinə malik olan Almaniya kimi dövlətlər enerji qıtlıgını aradan qaldırmaq üçün alternativ ölkələrə üz tutublar.İş ondadır ki,İran da öz növbəsində Aİ-yə mavi yanacagın ixracına çox çalışır.Əsas səbəblər ABŞ-ın 2018-ci ildən İran neft sənayesinə tətbiq etdiyi sanksiyalar və bunun nəticəsində milli valyuta olan rialın zəifləməsi,infilyasiyanın az qala hiper səviyyəyə çatması,iqtisadi defolt olma təhlükəsidir.
Şübhəsiz ki,Rusiya da hazırda Çin və Hindistana neft və qaz ixracını həm artırıb,həm də daha ucuz qiymətə satır.Əlbəttə,bu,İranın bu və ya digər dərəcədə Çin,Hindistan bazarında mövqelərini zəiflədib.
İndi İran nüvə razılaşmasını tez imzalamaqda maraqlıdır ki,Qərb bazarına daxil olsun,Çin və Hindistanın enerji marketlərində itirdiyi mövqeyi Avropanın hesabına doldura bilsin.Təbii ki,bunu təkcə İran yox,elə Avropa ölkələri də istəyir.
Əslində,İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Əkbər Xamanei də nüvə sazişinin imzalanmasında maraqlıdır və İbrahim Rəisi hökumətini öz dəftərxanasından verdiyi direktivlərə istiqamətləndirir.Hər halda,Xamaneinin yanında Əli Əkbər Vilayəti(keçmiş xarici işlər naziri) kimi təcrübəli müşavir var.
İranla nüvə sazişinə İsrailin reaksiyası.
Əvvala,onu vurgulayım ki,İranın nüvə silahına sahib olması İsrail üçün "qırmızı xətt"mahiyyəti daşıyır və yəhudi dövlətinin təhlükəsizlik maraqlarını təhdid edir.İsrailin baş naziri Yair Lapidin dediyi ki,əgər Co Bayden adminstrasiyası İranla nüvə razılaşmasına "yaşıl işıq"yandırarsa,bu,molla rejiminin illik 100 milyard dollar xalis gəlir əldə etməsidir.İsrail şübhələnir ki,Tehran bu pulları(üstəlik,xarici bank hesablarında dondurulmuş vəsaitlər də İrana qaytarıla bilər)ölkə əhalisinin sosial rifahına,yoxsullugun aradan qaldırılmasına deyil,əksinə gizli şəkildə uranın zənginləşdirilməsi üçün gərəkli sentrifuqların quraşdırılmasına xərcləyəcək.Hətta İsrail kəşfiyyatına görə,İran nüvə silahına sahib olmaq üçün lazım olan uranın zəngilləşdirilməsinə nail olub və məqsədinə çatmagın bir addımlıgındadır.
Şübhəsiz ki,İran razılaşma çərçivəsində öz nüvə stansiyalarına Atom Enerjisi Təşkilatının(MAGATE)mütəxəsislərini yoxlamalar üçün buraxacaq.Lakin bu kontekstdə əsas şübhə budur ki,rejimin gizli nüvə labaratoriyaları var.Bir məqam da bundan ibarətdir ki,İran da dinc məqsədlər üçün nüvə araşdırmalarını davam etdirməyi bəyan edir.
Ümumilikdə İran nüvə sazişinə nail olarsa,Yaxın Şərqdəki öz proksilərinin hərəkət arenasını daha da genişləndirə bilər.Elə məhz ən böyük təhlükə də budur.Təsəvvür edin ki,bu qədər iqtisadi sanksiyalar altında olan rejim Hizbullah,Həmas,Yəməndəki husiləri İslami Cihad,Fatimiyyun,Zeynəbiyyun,Hüseyniyyəkimi proksilərini maliyyələşdirə bildisə,indi görün ki,nüvə sazişindən sonra hansı yollara əl atacaq.
İranla nüvə razılaşması Azərbaycana da təhlükə törədir.
Fərz edirəm ki,İranla imzalanması ehtimal edilən nüvə razılaşması Azərbaycana da təsir edəcək.Azərbaycan müstəqilliyini qazandıqdan sonra rejimin "Yumuşaq güc"(soft power)strategiyası ölkəmizdə xeyli möhkəmlənib.Təbii ki,İran Azərbaycandakı qruplarına milyonlarla dollar vəsait xərcləyib və bu yetişdirilən insanlar "Kərimə dövlət"anlayışını son zamanlar daha da çox tirajlamagdadırlar.
İndi düşünün ki,daha çox maddi vəsait əldə edən İran Azərbaycanda nə edə bilər...
Tehran Azərbaycanı öz geosiyasi və teopolitika konsepsiyasında vacib bir ölkə kimi görür,azərbaycanlı şiələri Qum,Məşhəd cəfəriliyi,vilayəti fəqih ətrafında konsolodasiya etmək üçün səxavətlə pul xərcləyir.Hətta deyərdim ki,ayətullahlar üçün əsas hədəf Zəngəzur dəhlizindən daha çox Azərbaycanda Hizbullah zehniyyətli bir iqtidar görməkdir.Dogrudur,bu teopolitik hədəf İran üçün o qədər də asan deyil,ancaq rejim Azərbaycanı öz hinterlandı kimi görür və bunu son dövrlər keçmiş diplomatların,siyasətçilərin diliylə bəyan edir.İran sadəcə olaraq Azərbaycana qarşı "qaba güc"(hard power) tətbiq etməyə ürək etmir.Ona görə ki,rejimin Azərbaycana müdaxilə həvəsin qursagında qoyan İrandakı onmilyonlarla azərbaycanlının təpkisi,Türkiyə və Qərbin(hətta Rusiyanın da)buna sakit yanaşmayacagıdır.Həm də azərbaycanlıların çoxu şiə məzhəbinə yaxın olsa da dünyəvi dəyərlərə,sekulyarizmə daha baglıdırlar.Azərbaycan İran üçün nə Livandır,nə Yəməndir,nə də Fələstindir.
Buna rəgmən,iqtisadi cəhətdən nəfəslik əldə edən və maddi üstünlük qazanan İran Azərbaycan üçün həmişə təhlükəli qalmaqda davam edəcək.


Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi